Azərbaycanda bu il 170 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb

Azərbaycanda bu il 170 minə yaxın daşınmaz əmlak qeydiyyata alınıb
# 17 noyabr 2014 09:17 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda daşınmaz əmlakla hüquqi əməliyyatların sayı artıb. Analoji dövrdə Azərbaycanda 168 min daşınmaz əmlak qeydiyyata alınıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən “APA-Economics”ə daxil olan məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 17,4% artıb.

Qeydiyyatı aparılan əmlaklardan 34,4 mini fərdi yaşayış və bağ evi, 46,6 mini mənzil, təqribən 79 mini torpaq sahəsi, 3,9 mini qeyri-yaşayış binası, təqribən 3 mini qeyri-yaşayış sahəsi, 50-si çoxmərtəbəli yaşayış binası olub. Ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin qeydiyyatı 37%, fərdi yaşayış və bağ evlərinin qeydiyyatı 15%, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı isə 43% artıb.

Bu ilin ilk 10 ayında 47,3 min daşınmaz əmlak ilkin qeydiyyata alınıb. Bu ötən ilin eyni dövrünə nisbətən 19% artıqdır. İlk dəfə sənədləşdirilən əmlakların növlərinə gəlincə, bu il 14,6 min fərdi ev, 10,7 min mənzil, 19,3 min torpaq sahəsi, 20 çoxmərtəbəli yaşayış binası sənədləşdirilib.

Yanvar-oktyabr aylarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 145 minə yaxın daşınmaz əmlak obyektinə texniki pasport tərtib edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14,4% artıqdır. Bu dövrdə 4692 yüklülük qeydə alınıb, eləcə də 129,2 min məhdudiyyət arayışı verilib.

Əmlak bazarında regionların payı sürətlə artır. İlk 10 ayda əmlakla əməliyyatların təqribən 70%-i regionların payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır. Bu dövrdə qeydiyyatdan keçən 50 çoxmərtəbəli binadan 39-u regionlardadır. Oktyabr ayında ölkədə 960 mənzil özəlləşdirilib. Ümumilikdə özəlləşdirmə başlayandan 2014-cü il oktyabrın 1-dək ölkə üzrə 500 mindən çox mənzil özəlləşdirilib.

Əmlakla əməliyyatların artımının əsas səbəbi ölkədəki iqtisadi aktivlik, daşınmaz əmlakın biznes proseslərə getdikcə daha aktiv cəlb edilməsidir. Bundan başqa, aparılan maarifləndirmə tədbirləri nəticəsində ölkə vətəndaşları əmlakın qeydiyyatının vacibliyini və gətirdiyi faydaları hiss etməyə başlayıb. Əmlakla əməliyyatların artmasının digər səbəbi ƏMDK tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsi olub. Belə ki, ƏMDK-da qeydiyyat prosesində operativlik artıb, qeydiyyat müddəti azalıb, geniş tətbiq edilən elektron xidmətlər (məsələn məhdudiyyət arayışlarının onlayn verilməsi) isə qeydiyyat prosesindəki bəzi prosedurları ümumiyyətlə aradan qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR