“Şahdəniz Mərhələ 2” çərçivəsində iki yeni müqavilə imzalanıb

“Şahdəniz Mərhələ 2” çərçivəsində iki yeni müqavilə imzalanıb
# 18 noyabr 2014 14:50 (UTC +04:00)

Konsorsiumun baş operatoru “BP-Azerbaijan”şirkətindən “APA-Economics”ə verilən məlumata görə. bu iki müqavilə ümumilikdə 226 mln. ABŞ dolları dəyərindədir və “Bredero Shaw” şirkətinin boru örtükləmə bölməsinin bir hissəsi olan “ShawCor Nederland B.V.” (Bredero) şirkəti ilə imzalanıb.

Bu müqavilələr üzrə işlərə “Şahdəniz 2” işlənməsinin sualtı ixrac boru kəmərlərinin korroziya əleyhinə və ağırlaşdırıcı betonla örtüklənməsi, həmçinin Bakıdakı boru-örtükləmə müəssisəsi olan “Caspian Pipe Coatings” (CPC) zavodunun modernləşdirilməsi daxildir. Modernləşdirmə işləri həmin müəssisənin layihənin korroziya əleyhinə və ağırlaşdırıcı beton örtükləmə tələblərinə cavab verməsini təmin edəcək.

Müqavilələr çərçivəsində bütün tikinti və örtükləmə işləri yerli resurslardan istifadə etməklə Bakıdakı CPC müəssisəsində həyata keçiriləcək. Müqavilələrin icrasına təxminən 300 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir. Bu da “Şahdəniz” konsorsiumunun Azərbaycanın yerli resurslarından istifadəni opimallaşdırmaqla bağlı götürdüyü öhdəliyi bir daha nümayiş etdirir.

Örtükləmə işlərinin CPC zavodundakı modernləşdirmə işləri başa çatdıqdan sonra, 2015-ci ilin yanvar ayında başlaması gözlənilir. Mərhələ 2 üzrə ilk qazın əldə edilməsi qrafikinə əməl etmək üçün ilk öncə 16 düymlük kəmər borularının örtüklənərək borudüzmə işlərinə hazır olması 2015-ci ilin ikinci rübünə, sonra isə 32 düymlük kəmər borularının örtüklənməsi işlərinin başa çatdırılması 2015-ci ilin oktyabr ayına planlaşdırılır.

Qeyd edək ki, “Şahdəniz Mərhələ 2” layihəsi Xəzər dənizində yerləşən nəhəng “Şahdəniz” yatağından ildə 16 mlrd. kubmetr qazın hasil edilməsinə və bu qazın təxminən 3 500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunmasına imkan yaradacaq. İlk qazın hasilatı və Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ilə nəzərdə tutulub; Avropaya isə ilk qaz təxminən bir il sonra çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR