İrina Bokova: “TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin iclasının Bakıda keçirilməsi təqdirəlayiqdir”

İrina Bokova: “TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin iclasının Bakıda keçirilməsi təqdirəlayiqdir”
# 18 dekabr 2014 08:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Bakıda keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin ənənəvi 5-ci iclasının açılış mərasimində UNESCO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciəti oxunub.

APA-nın xəbərinə görə, müraciəti UNESCO-nun xarici əlaqələr və ictimaiyyət sektorunun üzv dövlətlər və tərəfdaşlar idarəsinin rəhbəri Genc Seiti təqdim edib.

Müraciətdə Azərbaycan-UNESCO münasibətlərinin geniş şəkildə inkişafı, bu əlaqələrdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə qeyd olunub. Vurğulanıb ki, Azərbaycanın bu möhtəşəm tədbirə ev sahibliyi etməsi təqdirəlayiqdir: “Bu iclas müvafiq komissiyalar arasında mədəniyyət, elm, təhsil sahəsində vacib addımların atılması üçün daha bir fürsətdir”.

Daha sonra TÜRKSOY-un baş katibi Düsein Kaseinov çıxış edərək, bu tədbirin Bakıda keçirilməsindən məmnun olduğunu bildirib. Azərbaycanın bütün beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən D.Kaseinovun sözlərinə görə, TÜRKSOY-un fəaliyyəti UNESCO-nun ideya istiqamətlərinə uyğundur və prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir.

Sonra TÜRKSOY-un baş katibi tərəfindən Azərbaycan tərəfə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, iki gün davam edəcək tədbir çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd dəyirmi masa keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR