"N" saylı hərbi hissənin nəzdində təşkil olunan yay düşərgəsində istirahət edəcək uşaqlar Bakıdan yola salınıb

"N" saylı hərbi hissənin nəzdində təşkil olunan yay düşərgəsində istirahət edəcək uşaqlar Bakıdan yola salınıb
# 18 avqust 2014 08:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Qusar rayonunda yerləşən "N" saylı hərbi hissənin nəzdində təşkil olunan hərbi vətənpərvərlik təmayüllü yay düşərgəsində istirahət edəcək uşaqların avqustun 18-də Bakı şəhərindən yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək düşərgəyə Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, valideyn himayəsindən məhrum olmuş, kimsəsiz və aztəminatlı ailələrin 10-15 yaşlı 100-ə yaxın oğlan uşağı seçilərək cəlb olunub.

"Gənc Heydərçilər" yay düşərgəsinin təşkili yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda hərbi xidmət haqda ilkin təsəvvürün yaradılması, ordu həyatının xüsusiyyətləri barədə biliklərin əldə olunması məqsədi daşıyır. İstirahət dövründə uşaqlar hərbi hissədəki əsgər kazarması, yeməkxana, əsgərlərin məişət şəraiti, silah, döyüş texnikası ilə tanış olacaqlar. Onlar üçün tarixi və vətənpərvərlik ruhunda filmlər, tamaşalar nümayiş etdiriləcək, səhra çıxışı təşkil olunacaq, müxtəlif yarışlar, idman oyunları və digər tədbirlər, o cümlədən, Qusar rayonu ərazisindəki tarixi və mədəni abidələrə gəzintilər də keçiriləcək.

Düşərgə sentyabr ayının 2-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR