“Bakı-2015 I Avropa Oyunları: Nəsillərin firavanlığına və işgüzar əməkdaşlığa çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib

“Bakı-2015 I Avropa Oyunları: Nəsillərin firavanlığına və işgüzar əməkdaşlığa çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib
# 30 iyun 2015 12:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan ərazilərinin erməni silahlı birləşmələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu, Azərbaycan Sosial Rifah Partiyası və Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşkilatçılığı ilə “Bakı-2015 I Avropa Oyunları: nəsillərin firavanlığına və işgüzar əməkdaşlığa çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Sosial Rifah Partiyasının sədri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycanın qazandığı uğurlara kölgə salmaq istəyən qüvvələr var. O qeyd edib ki, Azərbaycan bütün ölkələri sülhə, barışığa çağırır, təcavüzə və işğala qarşı çıxır: “Ancaq ermənilər tərəfindən ölkəmizə qarşı təcavüz və bu təcavüz nəticəsində Azərbaycana dəymiş ziyanın miqdarı çox böyükdür. Bu rəqəmlər işçi qrupu tərəfindən hesablanır və ictimaiyyətə açıqlanacaq”.

Sonra ermənilər tərəfindən Azərbaycan torpaqlarını işğal tarixinə həsr edilən videoçarx nümayiş etdirilib.

Ədalət Partiyasının sədri İlyas İsmayılov bu gün Azərbaycanın Dağlıq Qarabağı təkbaşına azad etməyə qadir olduğunu söyləyib: “Biz heç kimə güvənməli deyilik. Nə beynəlxalq təşkilatlara, nə də ATƏT-in Minsk Qrupuna. Çünki Minsk Qrupunun qərarları öhdəlik deyil, tövsiyə xarakterlidir. Azərbaycan bu gün həm iqtisadiyyatı, həm iradəsi, həm də ordusunun gücü ilə işğal altındakı torpaqları azad edə bilər”.

Sonda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətinə görə bəzi tədbir iştirakçıları diplomlarla mükafatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR