Abşeron Milli Parkının sanitariya-mühafizə zonası müstəsna qaydada müəyyən edilib

Abşeron Milli Parkının sanitariya-mühafizə zonası müstəsna qaydada müəyyən edilib
# 02 mart 2015 14:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi barədə qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən Abşeron Milli Parkının sanitariya-mühafizə zonası parkın hüdud xəttindən bütün perimetri boyunca quruda 2 km metr məsafədə (xüsusi təyinatlı yerlər istisna olmaqla) və Xəzər dənizinin su akvatoriyasında 3 km məsafədə təsdiq edilib. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 15 dekabr 2014-cü il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” fərmana dəyişiklik edib. Fərmana əsasən, dövlət təbiət və biosfer qoruqlarının, milli parkların torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onların sanitariya-mühafizə zonaları müəyyən ediləcək. Bu zonaların müəyyən edilməsi və rejim qaydaları “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunla müəyyən olunmuş formada həyata keçiriləcək. Qanuna əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3 km-dək məsafədə müəyyən edilir. Nazirlər Kabinetinin Abşeron Milli Parkı ilə bağlı qərarı isə bu parka münasibətdə sanitariya-mühafizə zonasının müstəsna qaydada müəyyən edilməsini nəzərdə tutur. Yəni Abşeron Milli Parkının sanitariya-mühafizə zonası hüdud xəttindən bütün perimetri boyunca 3 km-dək məsafədə deyil, parkın hüdud xəttindən bütün perimetri boyunca quruda 2 km məsafədə (xüsusi təyinatlı yerlər istisna olmaqla) və Xəzər dənizinin su akvatoriyasında 3 km məsafədə müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR