XİN: Riqa Sammitinin yekun bəyanatına qoşulan Ermənistan rəhbərliyi əslində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bildirir

XİN: Riqa Sammitinin yekun bəyanatına qoşulan Ermənistan rəhbərliyi əslində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bildirir
# 23 may 2015 14:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın "Şərq tərəfdaşlığı" ölkələri və Avropa İttifaqının (Aİ) 21-22 may tarixində Riqada keçirilən sammitində çıxış zamanı səsləndirdiyi fikirləri şərh edərəkən deyib.

"Tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın tarixi, arxeoloji və antropoloji baxımdan ermənilərlə heç bir əlaqəsi olmaması barəsində fikir söyləməyə ehtiyac yoxdur. Onu əlavə etmək kifayətdir ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası Dağlıq Qarabağ onun ayrılmaz tərkib hissəsi olaraq, BMT-yə tam hüquqlu üzv qəbul olunub və bu sərhədlər daxilində beynəlxalq ictimaiyyət tərəfindən tanınıb", - deyə H. Hacıyev qeyd edib.

XİN sözçüsü deyib ki, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə dəstəklənir: "BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsbit olunaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. 853 saylı qətnamənin 9-cu bəndində isə məxsusi olaraq, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə” istinad edilir".

O əlavə edib ki, Riqa Sammitinin yekun bəyanatına qoşulan Ermənistan rəhbərliyi əslində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirir. "Riqa bəyannaməsinin 3-cü bəndində bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə münasibətdə öhdəlik təsbit olunub. Riqa bəyannaməsinin 5-ci bəndinə əsasən isə Ermənistan rəhbərliyi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair öz üzərinə öhdəlik götürür. Qeyri-ciddi olan və gülünc doğuran bu kimi bəyanatların əvəzinə Ermənistan rəhbərliyi beynəlxalq öhdəliklərinə uyğun olaraq, nəhayət məsuliyyətli davranış nümayiş etdirməli, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və işğala son qoymalıdır. Bunun baş vermədiyi halda, yarana biləcək hər hansı vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", - deyə H. Hacıyev qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR