“Azərbaycan ailəsi strategiyası” və Milli Uşaq Strategiyası hazırlanacaq

“Azərbaycan ailəsi strategiyası” və Milli Uşaq Strategiyası hazırlanacaq
# 13 dekabr 2012 15:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda gender problemi diqqət mərkəzində saxlanılacaq və onun həlli istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

APA-nın xəbərinə görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası layihəsində qeyd olunur ki, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender zorakılığı halların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmə, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcək. Ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, BƏT-in ratifikasiya olunmuş “Ailə öhdəlikləri olan işçilər haqqında” Konvensiyasına uyğun olaraq işləyən valideynlər üçün uşaq baxımının asanlaşdırılması, uşaq bağçalarının sayının artırılması və həmçinin, ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi dəstəklənəcək.

Qeyd edilən istiqamətlərin reallaşdırılması məqsədilə bir sıra məqsədli sənədlər qəbul ediləcək. Bununla bağlı “Azərbaycan ailəsi strategiyası”nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanması nəzərdə tutulur. Bununla yanaşı, “Ailə psixoloqu” institutu, məişət zorakılığına məruz qalmış qadınlar üçün yardım mərkəzləri və sığınacaqlar, həmçinin ölkədə zorakılıq, təhsildən yayınma və erkən nikah halları üzrə monitorinq sistemi yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR