Fransada “Azərbaycan obyektivdə” adlı fotosərgi açılıb - FOTO

Fransada “Azərbaycan obyektivdə” adlı fotosərgi açılıb - <span style="color: red;">FOTO
# 07 mart 2013 14:41 (UTC +04:00)

Bakı-APA. Parisdə “Azərbaycan obyektivdə” adlı fotosərginin açılışı keçirilib. Tədbirdə 150-dən artıq qonaq iştirak edib. Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuş sərgidə müasir Azərbaycan xalqı, mədəniyyəti, təbiəti və memarlığı ilə bağlı 100 foto nümayiş olunur.

AAC-dan APA-ya verilən məlumata görə, ilk dəfə 2012-ci ilin noyabrında Londonda nümayiş olunan fotolar Azərbaycan və dünyanın hər tərəfindən olan fotoqrafların təqdim etdiyi 750 fotoşəkilin arasından seçilib. Sərgi Xəzər dənizi sahillərində yerləşən bu məftunedici ölkənin tam mahiyyətini çatdırmağa müvəffəq olub.

Tədbiri açıq elan edən AAC-ın Fransa nümayəndəliyinin rəhbəri Eliza Piter bildirib ki, bu müsabiqədə həm həvəskar, həm də peşəkar fotoqraflar iştirak edib: “Müsabiqə Azərbaycanın memarlığı, rəssamlığı, təbiət və mədəniyyətinin müxtəlif aspektlərini təqdim etməyə imkan yaratdı. Ümidvaram ki, bu sərgi heç vaxt Azərbaycanda olmayanları bura gəlməyə həvəsləndirəcək və bu ölkədə olanları bura bir daha gələrək ölkənin yeni simasını görməyə vadar edəcək”.

Münsiflər heyətinin üzvü, əvvəllər Ülyahəzrət Kraliçanın şəklini çəkən görkəmli fotoqraf Henri Dallal bildirib ki, bu sərgi ilk dəfə Londonda keçirilib: “Londonda keçirilən sərgidə Avropa Azərbaycan Cəmiyyətinin məndən münsiflər heyətində olmağımı və sərgidə iştirak etməyimi xahiş etməsi mənim üçün böyük şərəf oldu. Münsiflər heyətinin digər üzvü, “Condé Nast Traveller”in foto-redaktoru Karolin Metkalf şəkillər vasitəsilə ölkəni necə təqdim etməyi yaxşı bilir. Mən Azərbaycanda bir neçə dəfə olmuşam, bu şəkillər sözsüz ki, xalqın müxtəlifliyini əks etdirir. Hətta çox vaxt azərbaycanlıların da öz ölkələrini gəzib kəşf etməyə vaxtları olmur. Düşünürəm ki, bu füsunkar fotoşəkillər Azərbaycanın daha çox gözəlliklərini öyrənməyə ruhlandırır”.

Londonda keçirilən sərginin üç qalibi də Parisdə sərginin açılışında iştirak edib. Londondakı sərgidə birinci yerin qalibi Asim Talıb olub. O bu yerə hazırda Qarabağla birlikdə Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunda 1985-ci ildə çəkdiyi “Ağsaqqallar” fotoşəkilinə görə layıq görülüb. İkinci yerə Etibar Cəfərovun “Bibiheybət məscidi”, fotoşəkili layiq görülüb. 13-cü əsrdə tikilmiş və 1840-cı ildə Aleksandr Dümanın baş çəkdiyi bu məscid 1936-cı ildə bolşeviklər tərəfindən partladılıb. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra məscid bərpa olunaraq 1997-ci ildə yenidən açılıb.

Asim Talıb bildirib ki, qalib gələn şəkli təxminən 30 il əvvəl çəkib: “Şəkildə çəkilmiş yaşlı bir kişinin uşaqlıq lətifələrini müzakirə etdiyini və xanımın qəhqəhə ilə güldüyünü xatırlayıram”.

Fuad Babayev “The Flames and the Needle” (Alovlar və iynə) adlı rəsmi ilə 3 yeri tutub.

Bu, Bakının yeni ikonası teleqülləyə tərəf yan-yana tikilmiş “Flame Towers” (Alov qüllələri) kompleksini əks etdirir. Gənc enerjili həvəskar fotoqraf Fuadın hazırda “Google +” da 10 mindən çox izləyicisi var.

Sərgidəki seçilmiş səkilləri www.teas.eu/azerbaijan-through-the-lens ünvanına daxil olmaqla baxmaq olar. Sərgi martın sonunda Berlin şəhərində təşkil olunacaq və 2013-cü il ərzində AAC-ın ofislərinin olduğu Avropanın əsas şəhərlərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR