“Yeni Müsavat” qəzeti məhkəməyə verilib

“Yeni Müsavat” qəzeti məhkəməyə verilib
# 06 dekabr 2012 11:39 (UTC +04:00)

“Baku Steel Company” MMC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 3 ildə “Yeni Müsavat” qəzeti MMC-nin fəaliyyəti barədə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Məlumatda həmin yazıların müəssisənin kollektivi tərəfindən ciddi narazılıqlarla qarşılandığı qeyd olunub: “Qəzetin 23 noyabr 2012-ci il tarixli 311-ci (5320) sayında dərc edilən “Zülfüqarlı qardaşlarının yağmalanan zavodu bağlandı” sərlövhəli yazı real məsələlərə olduqca qərəzli münasibətin nümunəsidir. Məqalədə heç bir jurnalist araşdırması aparılmadan, müvafiq sənədlərə və sübutlara istinad edilmədən “Bakı Poladtökmə” ASC-nin və onun İdarə Heyətinin sədri Oqtay Rəfiyevin, o cümlədən “Baku Steel Company” MMC-nin fəaliyyəti barədə yalan, həqiqətə uyğun olmayan məlumat verilib, bununla da, həm müəssisələrin kollektivinin, həm də idarə heyəti sədrinin işgüzar nüfuzuna ziyan vurulub. Bütün bunları nəzərə olaraq müəssisə rəhbərləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, işgüzar nüfuza vurduğu zərərə görə “Yeni Müsavat” qəzetinin təkzib verməsini və müəssisələrin xeyrinə 1.000.000 (bir milyon) manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş ediblər” .

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə APA-ya açıqlamasında adı çəkilən şirkət tərəfindən məhkəməyə verilmələri barədə iddia ərizəsi almadıqlarını bildirib: “Bu cür məsələlərdə məlumatlardan əvvəl iddia ərizəsi olur. Lakin biz iddia ərizəsi almamışıq və bu halda məsələyə detallı şəkildə münasibət bildirmək bir qədər problemdir. Lakin ümumi halda mətbuatı, xüsusilə də tənqidçi medianı məhkəməyə vermək tendensiyası adi hal alıb. Bunu pisləyirəm. Bu cür məsələlərin məhkəməyə qədər həll olunması mümkündür. Digər yolları sınamadan məhkəməyə müraciət etmək mətbuat və söz azadlığına aqressiv münasibət deməkdir ki, bu da ölkənin reytinq göstəricilərini aşağı salan faktdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR