Birinci yarımillikdə “Azəri-Çıraq-Günəşli”dən 118,8 mln. barel neft hasil edilib

Birinci yarımillikdə “Azəri-Çıraq-Günəşli”dən 118,8 mln. barel neft  hasil edilib
# 15 avqust 2014 06:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının fəaliyyətində mühüm bir nailiyyət qeyd olunub - Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olunub.

AÇG-nin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, “Qərbi Çıraq” platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başlayıb. O vaxtdan bəri “Qərbi Çıraq” platformasından hasilat artaraq dörd quyudan indiki həddinə - gündə 50 000 bareldən artıq səviyyəyə çatıb. “Qərbi Çıraq”dan hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.

İlin birinci yarısında AÇG-dən ümumi hasilat – “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə gündə orta hesabla 656 100 barel (b/g) və ya ümumilikdə təqribən 118,8 mln. barel, yəni 16 mln. ton təşkil edib.

İlin birinci yarısının sonunda AÇG-də 81 neft hasilat quyusu və 36 injektor quyusu istismarda olub.

Bu ilin birinci yarısı ərzində AÇG layihəsinə təqribən 479 mln. ABŞ dolları əməliyyat məsrəfləri və 1,231 mlrd. dollar əsaslı məsrəflər xərclənib. Tam il üçün əməliyyat xərclərinin təxminən 1,052 mlrd. dollar, əsaslı xərclərin isə 2,068 mlrd. dollar olacağı gözlənilir.

Qeyd edək ki, AÇG-də BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) iştirak payları təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR