Azərbaycan və Vyetnamın xarici işlər nazirlərinin müavinləri arasında görüş keçirilib

Azərbaycan və Vyetnamın xarici işlər nazirlərinin müavinləri arasında görüş keçirilib
# 11 aprel 2013 14:38 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini xanım Nquen Fionq Nqanı qəbul edib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xanım Nquen Fionq Nqa Azərbaycana ilk səfərindən məmnun olduğunu bildirib və qısa müddət ərzində ölkəmizin əldə etdiyi uğurların onda xoş təəssüratlar yaratdığını qeyd edib. Vyetnamlı rəsmi ölkəsi ilə Azərbaycan arasında əlaqələrin əsasının hələ SSSR-i dövründə qoyulduğunu, prezident Kuşiminin 1959-cu ildə Azərbaycana, eləcə də Heydər Əliyevin 1982-ci ildə Vyetnama səfər etdiyini diqqətə çatdırıb. O, mindən çox vyetnamlı tələbənin Azərbaycanın müxtəlif ali məktəblərində təhsil aldığını və bu gün onların dövlətin müxtəlif qurumlarında çalışdığını bildirib.

X.Xələfov vyetnamlı həmkarını salamlayıb və iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib. Azərbaycanın Vyetnamda səfirliyinin təsis olunması haqqında qərarın qəbul edilməsini və Azərbaycan səfirinin təyin edilməsini göstərib. O, eyni addımın Vyetnam tərəfindən atılmasının da arzu edilən olduğunu diqqətə çatdırıb.

Azərbaycan haqqında qonağa ətraflı məlumat verən X.Xələfov ölkəmizin əldə etdiyi iqtisadi-siyasi uğurlardan, regionda həyata keçirilən nəhəng neft-qaz, eləcə də nəqliyyat və kommunikasiya layihələrindən, investisiya imkanlarından, xarici ölkələrə qoyulan sərmayələrdən söhbət açıb. Nazir müavini ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin prioritet olduğunu, dövlətin bu sahədə gördüyü işlər, o cümlədən kənd təsərrüfatının inkişafını stimullaşdırmaq üçün atılan addımlar, yüksək standartlara cavab verən Sənaye Parklarının yaradılması və turizmin inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. O, regionun iqtisadiyyatının 80%-nin Azərbaycana məxsus olduğunu, ölkəmizin Avropa və Asiya arasında körpü rolunu oynadığını bildirib.

Vyetnam xarici işlər nazirinin müavini bu səfərin iki ölkə arasında münasibətlərə müsbət təsir edəcəyini, yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin vacibliyini qeyd edib, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulamışdır.

İki ölkə arasında ticarət dövriyyəsinin hazırkı vəziyyətinə toxunan Xələf Xələfov bunun ölkələrimizin potensialını əks etdirmədiyini və müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, sənaye, energetika, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu qeyd edib. O, ARDNŞ ilə “Petro Vietnam” şirkətləri arasında uğurlu əməkdaşlığın yaradılmasının digər sahələr üçün də təkan verə biləcəyinə əminlik ifadə edib.

Tərəflər BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın artırılması və digər beynəlxalq məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR