ABŞ-ın Arkanzas ştatında Azərbaycan bayrağı ucaldılıb

ABŞ-ın Arkanzas ştatında Azərbaycan bayrağı ucaldılıb
# 13 fevral 2013 10:35 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Arkanzas ştatında Azərbaycan bayrağı ucaldılıb. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Litl Rokda Ştat qubernatorunun sarayında Türkiyə-Arkanzas-Azərbaycan dostluq ziyafəti təşkil olunub. Bu tədbirə qatılmaq üçün Litl Roks səfər etmiş Türkiyə və Azərbaycan nümayəndələrindən ibarət heyət elə həmin gün ərzində həmçinin ardıcıl olaraq, Arkanzas ştatının dövlət katibi Mark Martin, qubernatorun müavini Mark Dar və Nümayəndələr Palatasının spikeri Devi Karter ilə görüşlər keçirib və tərəflər arasında qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün atıla biləcək addımları müzakirə edib. Görüşlər zamanı Azərbaycan nümayəndələri Arkanzas rəsmilərinə Nümayəndələr Palatasının 8 fevralda, Senatın isə 11 fevralda qəbul etdikləri, Azərbaycan və Arkanzas arasında dostluq münasibətləri və Xocalı qətliamından bəhs edən qətnamələrin qəbuluna görə təşəkkürlərini ifadə ediblər. Həmin gün paytaxtın əsas inzibati dövlət binası olan Arkanzas Dövlət Kapitol Binasının qarşısında Azərbaycan və Türkiyə bayraqları dalğalanıb.

Ştatın qubernatoru Mayk Bibi Türkiyə və Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb, onlarla söhbətləşib və ABŞ-ın müttəfiqləri olan hər iki ölkə ilə münasibətlərin səviyyəsindən məmnun olduğunu bildirib.

Ziyafəti açmış Arkanzas türk icmasının fəalı Mehmet Ulupinarın ardınca toplantının əsas nitqini Arkanzas Senatının üzvü xanım Coys Eliot edərək, ABŞ-ın müttəfiqləri olan Türkiyə və Azərbaycanın müvafiq əhəmiyyətlərini qeyd edib və hər iki ölkənin dostu olaraq, Arkanzas ştatı ilə münasibətlərimizin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu göstərib.

Türkiyə nümayəndə heyəti adından danışmış millət vəkili Mehmet Öntürk iki dost ölkə arasında mövcud çoxşaxəli münasibətlərin dərin köklərinə istinad edib, lakin eyni zamanda mövcud əməkdaşlığın genişləndirilməsinə duyulan ehtiyacı ifadə edib və bu mənada, xüsusilə qarşılıqlı sərmayə vasitəsilə ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.

Ziyafətdə Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından bəri ötən dövr ərzində qət olunmuş yola nəzər salaraq, təhlükəsizlik, enerji və iqtisadiyyat başda olmaqla, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığa hər iki tərəfin yetirdiyi önəmdən söz açıb. O Azərbaycan və ABŞ əsgərlərinin çiyin-çiyinə Əfqanıstanda xidmət etdikləri və eləcə də müttəfiqlərin bu ölkəyə göndərilən yüklərinin əhəmiyyətli bir hissəsinin məhz Azərbaycandan keçdiyi vurğulayıb. İştirakçıların diqqətinə eləcə də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının 20 ildən artıq davam etdiyi və bu işğalın doğurduğu nəticələr çatdırılıb. Bir neçə gün öncə Azərbaycan və Arkanzas arasında dostluq münasibətlərinin inkişafı və Xocalı qətliamından bəhs edən qətnamələrin qəbuluna görə ziyafətdə iştirak edən Senat və Nümayəndələr Palatasının üzvlərinə kollektiv və fərdi sürətdə minnətdarlıq ifadə olunub. Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində 1992-ci ildə qətlə yetirilmiş günahsız qurbanların xatirəsinin bu şəkildə yad edilməsini Azərbaycan xalqının yüksək qiymətləndirdiyi qeyd olunub.

Azərbaycan nümayəndəsinin çıxışının ardınca müvafiq olaraq Senat və Nümayəndələr Palatasında əlaqədar qətnamələrinin qəbulu təşəbbüsü ilə çıxış etmiş Senator Brayn Kinq və Nümayəndələr Palatasının üzvləri Conatan Barnet və Kerin Hoper həmin sənədlərin rəmzi surətlərini səfirliyin müşaviri Fəxrəddin İsmayılova təqdim ediblər.

Nümayəndələr Palatasının üzvü C. Barnet öz çıxışında bir daha Azərbaycana və Türkiyəyə öz səmimi dostluğunu ifadə edib və müttəfiqlərin mövcud münasibətlərinin davamlı xarakterini vurğulayıb.

Amerikalılar və Avrasiyalıların “Turquoise” Şurasının yüksək təşkilatçılığı ilə keçirilmiş ziyafətə Ştat rəsmiləri və yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı, Arkanzasda yaşayan türk və Azərbaycan icmasının fəalları da qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR