Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinə təqdim etdiyi alternativ hesabatda qaldırılan bir sıra mühüm məsələlər Komitənin Ermənistanla bağlı yekun müşahidə və tövsiyələrində yer alıb.
APA xəbər verir ki, bunu BAMF prezidenti Umud Mirzəyev BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin Ermənistanın təqdim etdiyi əlavə məlumatlara dair qəbul etdiyi yekun sənədi şərh edərkən bildirib.
Umud Mirzəyev qeyd edib ki, Komitənin 24 sentyabr 2026-cı il tarixli yekun sənədinin BAMF-ın təqdim etdiyi alternativ hesabat və Cenevrədə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin qaldırdığı məsələlərlə müqayisəsi mühüm nəticələri üzə çıxarır:
“Bizim üçün əsas məsələ yalnız alternativ hesabatın BMT platformasında dərc olunması deyildi. Məqsədimiz onilliklərdir taleyi naməlum qalan azərbaycanlıların, xüsusilə uşaqların taleyini beynəlxalq hüquq müstəvisində yenidən gündəmə gətirmək və Ermənistan qarşısında konkret suallar qoyulmasına nail olmaq idi. Bu baxımdan Komitənin yekun sənədində yer alan müddəalar olduqca əhəmiyyətlidir”.
BAMF prezidenti bildirib ki, Fondun alternativ hesabatında əsas diqqət Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, sonradan taleyi naməlum qalmış Azərbaycan vətəndaşlarına, xüsusilə itkin kimi qeydiyyatda olan 71 uşağa yönəldilmişdi. Hesabatda həmin şəxslərin taleyinin müəyyənləşdirilməsi, mümkün məcburi yoxaçıxma hallarının araşdırılması, kütləvi məzarlıqlar haqqında məlumatların açıqlanması, insan qalıqlarının identifikasiyası və Ermənistanın Azərbaycanla əməkdaşlıq etməsi məsələləri qaldırılmışdı.
BAMF-ın hesabatı və ona əlavə BMT-nin rəsmi məlumat bazasında müvafiq olaraq INT/CED/NGO/ARM/69875 və INT/CED/NGO/ARM/69876 nömrələri ilə qeydiyyata alınıb.
Umud Mirzəyevin sözlərinə görə, Komitənin yekun sənədində bu məsələlərin bir sıra mühüm istiqamətlər üzrə əks olunması xüsusi əhəmiyyət daşıyır.
Komitə Qarabağ münaqişəsi kontekstində hərbçilər və mülki şəxslər, o cümlədən qadın və uşaqlarla bağlı məcburi yoxaçıxma iddialarının araşdırılması və cinayət təqibində irəliləyişin olmamasından narahatlığını ifadə edir. Ermənistana bütün belə iddiaların hadisənin zamanından, yerindən və şəraitindən asılı olmayaraq, hətta formal şikayət olmadığı hallarda belə hərtərəfli, effektiv və qərəzsiz araşdırılması tövsiyə olunur.
Sənəddə ehtimal olunan təqsirkarların milliyyətindən asılı olmayaraq məsuliyyətə cəlb edilməsi, itkin şəxsin taleyi müəyyən edilənədək axtarış və araşdırmaların davam etdirilməsi, ailələrin proses barədə müntəzəm məlumatlandırılması kimi məsələlər də öz əksini tapıb.
Umud Mirzəyev Komitənin kütləvi məzarlıqlarla bağlı mövqeyini xüsusilə mühüm hesab etdiyini bildirib:
“Diqqətçəkən məqamlardan biri odur ki, yekun sənəddə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatlarına istinad olunur və işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlığın aşkarlandığı qeyd edilir. Komitə eyni zamanda insan qalıqlarının tapılması və identifikasiyası prosesinin sürətləndirilməsini, yeni dəfn yerlərinin müəyyənləşdirilməsini və mövcud məzarlıqların araşdırılmasını tövsiyə edir. Həmçinin dövlət sirrinin qorunması arqumentinin itkinlərin axtarışına və insan qalıqlarının müəyyənləşdirilməsinə mane olmamalı olduğu bildirilir”.
BAMF prezidenti vurğulayıb ki, yekun sənədin mühüm istiqamətlərindən biri də Azərbaycan və Ermənistan arasında birbaşa əməkdaşlıqla bağlıdır. Komitə iki ölkə arasında məlumat və sübut mübadiləsinin gücləndirilməsini, müvafiq dövlət komissiyaları, prokurorluqlar və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsini tövsiyə edir.
Bundan əlavə, mövcud məzarlıqların yerinin müəyyənləşdirilməsi məqsədilə anonim məlumatvermə mexanizminin yaradılması, insan qalıqlarının axtarılması, çıxarılması və identifikasiyası sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycan və Ermənistanın müstəqil məhkəmə-tibb ekspertləri, arxeoloqları və digər mütəxəssislərinin iştirakı ilə birgə texniki mexanizmin yaradılması imkanının nəzərdən keçirilməsi tövsiyələr sırasında yer alır.
Umud Mirzəyev bildirib ki, əldə olunan nəticənin arxasında ciddi və uzunmüddətli hazırlıq işi dayanır:
“Alternativ hesabat hazırlanarkən Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə çox səmərəli əməkdaşlıq etdik. Hesabatın faktoloji bazasının dəqiqliyi, itkin şəxslərlə, uşaqlarla, kütləvi məzarlıqlarla və aparılan identifikasiya işləri ilə bağlı məlumatların sistemləşdirilməsində bu əməkdaşlığın böyük əhəmiyyəti oldu. Hesab edirəm ki, Cenevrədə apardığımız işin nəticəli olmasının əsas səbəblərindən biri də dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında qurulan bu düzgün əməkdaşlıq modeli idi”.
BAMF prezidenti eyni zamanda nəticələrin yalnız bir təşkilatın fəaliyyəti kimi təqdim edilməsinin doğru olmayacağını vurğulayıb. O bildirib ki, BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyası çərçivəsində digər Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları və nümayəndələri də prosesdə fəal iştirak edib, alternativ məlumatlar təqdim edib və birgə mövqenin Komitə üzvlərinə çatdırılmasına mühüm töhfə veriblər.
“Cenevrədə gördüyümüz iş həqiqi komanda işinin nəticəsi idi. Burada uzun illər insan hüquqlarının müdafiəsi və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən həmkarımız Sahib Məmmədovun əməyini xüsusilə qeyd etmək istəyirəm. Onun uzun illərin təcrübəsinə əsaslanan peşəkar yanaşması, sənədlərin hazırlanması və Cenevrədə Komitə üzvləri ilə iş zamanı fəal iştirakı ümumi fəaliyyətimizə mühüm töhfə verdi. Eyni zamanda digər həmkarlarımızın hazırladığı materiallar, birgə bəyanatımız, Komitə üzvləri ilə keçirilən görüşlər və Ermənistan nümayəndə heyətinə ünvanlanan məsələlər bir-birini tamamladı. Bu nəticədə hər bir həmkarımızın əməyi var. Əsas nailiyyət odur ki, Azərbaycan vətəndaş cəmiyyətinin uzun illər qaldırdığı humanitar problemlər BMT müstəvisində konkret suallar və tövsiyələr şəklində ifadə olundu”.
Umud Mirzəyev uşaqlar məsələsinin ayrıca əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, BAMF-ın alternativ hesabatının ən ağrılı hissəsi itkin düşərkən yaşı 18-dən aşağı olan 71 azərbaycanlı uşağın taleyi ilə bağlıdır. Komitənin yekun sənədində 71 uşağın sayı ayrıca göstərilməsə də, Qarabağ münaqişəsi kontekstində uşaqlarla bağlı məcburi yoxaçıxma iddiaları qeyd edilir və məcburi yoxaçıxmalardan zərər çəkmiş uşaqlar xüsusi həssas qrup kimi nəzərdən keçirilir.
“Biz bu məsələni yalnız keçmiş müharibənin statistikası kimi görmürük. Hər bir itkin insanın arxasında onilliklərdir cavab gözləyən ailə dayanır. Xüsusilə uşaqların taleyinin müəyyənləşdirilməsi humanitar və mənəvi məsuliyyətdir. Azərbaycan və Ermənistan sülh istiqamətində irəliləyirsə, müharibənin açıq qalmış humanitar yaralarının sağaldılması da bu prosesin ayrılmaz hissəsi olmalıdır”, – deyə BAMF prezidenti bildirib.
Umud Mirzəyev əlavə edib ki, Komitənin yekun sənədi qarşıdakı dövr üçün də mühüm fəaliyyət istiqamətləri müəyyən edir. Ermənistan tövsiyələrin icrası barədə yenilənmiş məlumatı Komitəyə təqdim etməli, vətəndaş cəmiyyəti isə bu prosesin izlənilməsində iştirakını davam etdirməlidir.
“Bizim üçün Cenevrə prosesi yekunlaşmayıb. Əsas məsələ tövsiyələrin kağız üzərində qalması deyil, onların icrasıdır. BAMF digər vətəndaş cəmiyyəti təşkilatları və tərəfdaşları ilə birlikdə itkin düşmüş azərbaycanlıların, xüsusilə uşaqların taleyinin müəyyənləşdirilməsi məsələsini bundan sonra da beynəlxalq platformalarda ardıcıl şəkildə gündəmdə saxlayacaq”, – deyə Umud Mirzəyev bildirib.