Multikulturalizm Mərkəzinin Azərbaycan Dillər Universitetində təqdimatı keçirilib

Multikulturalizm Mərkəzinin Azərbaycan Dillər Universitetində təqdimatı keçirilib
# 17 mart 2015 13:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dillər Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdimatı keçirilib. Mərkəzdən APA-ya verilən məlumata görə, tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Azad Məmmədov, mərkəzin əməkdaşları, Azərbaycan Dillər Universitetinin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.

A. Məmmədov iştirakçılara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında məlumat verib. Azərbaycan multikulturalizmi ənənələrindən danışıb və multikulturalizmin bizim həyat tərzimiz olduğunu vurğulayıb. Azad Məmmədov eyni zamanda, xarici və yerli ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” fənninin tədrisindən söhbət açıb və qeyd edib ki, bu fənnin Azərbaycan Dillər universitetində də tədris edilməsi məqsədəuyğun olardı.

Mərkəzin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə ölkəmizdə multikulturalizm sahəsində dövlət siyasətindən və görülən işlərin əhəmiyyəti haqqında söz açıb və Analitika şöbəsinin əsasən maarifçilik sahəsində kitabların, elmi nəşrlərin hazırlanmasında iştirakından danışıb.

BBMM Layihələr şöbəsinin müdiri Hikmət Babayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı 5 böyük layihəsi barədə iştirakçılara məlumat verib. Bu layihələr sırasında “Azərbaycan multikulturalizmi” fənnin xarici və yerli universitetlərdə tədris edilməsi,bu fənni tədris edəcək müəllimlər üçün treninqlərin keçirilməsi, xarici universitetlərdə “Azərbaycan Multikulturalizmi” mövzusuna dair tədbirlərin keçirilməsi, xarici ölkələrin intellektual və administrativ məkanlarında birdəfəlik mühazirələrin oxunması və “Azərbaycan Multikulturalizmi” fənni tədris edilən tələbələr üçün yay məktəblərinin təşkil edilməsi kimi tədbirlər var.

Tədbirdə Azərbaycan Dillər Universitetinin prorektoru Ələddin Əliyev, Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurzadə, Psixologiya kafedrasının müəllimi Misgər Məmmədov çıxış edərək Azərbaycanda multikulturalizmin əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR