Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli xanım Prezident, Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Xorvatiya dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına sülh və firavanlıq diləyirəm”.