Elmira Süleymanova Belqradda keçirilən seminarda çıxış edib

Elmira Süleymanova Belqradda keçirilən seminarda çıxış edib
# 18 dekabr 2012 10:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Serbiyanın paytaxtı Belqrad şəhərində Avropa Şurasının maliyyə dəstəyi ilə “Məcburi köçkünlərin vəziyyətinin monitorinqi və onların rifahının yaxşılaşdırılmasında Ombudsmanların rolu” mövzusunda seminar keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova da iştirak edib.

E.Süleymanova çıxışında Ermənistan Silahlı Qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox qaçqın və məcburi köçkünün müxtəlif rayonlarda məskunlaşdığını seminar iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, Ermənistan tərəfindən planlı şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində tarixən Qərbi Azərbaycanda yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından qovulub.

Ombudsman öz çıxışında məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının demək olar ki, bütün fundamental insan hüquq və azadlıqlarının pozulduğunu qeyd edib. Sonda E.Süleymanova Avropa Şurasına müraciət edərək qaçqın və məcburi köçkünlər problemini törətmiş səbəblərin aradan qaldırılması, insanların sülh təşəbbüslərinin dəstəklənməsi, onların öz doğma yurd yuvalarına qayıtması ilə bağlı dünya ictimaiyyətinin yekdil mövqeyinin nümayiş etdirməsinin, həmçinin BMT-nin qərarlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq problemin sülh yolu ilə həll olunmasının vacib olduğunu söyləyib.

Xatırladaq ki, seminarda Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Xorvatiya, Serbiya, Sloveniya, Kosovo, Makedoniya kimi ölkələrin Ombudsmanları, onların əməkdaşları, BMT QAK və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR