Ceyhun Bayramov Ermənistandan sülh sazişinin başa çatdırılması ilə bağlı fərqli açıqlamalara münasibət bildirib.
APA xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu barədə Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında danışıb.
Nazir bildirib ki, bu açıqlamalar diqqətlə izlənilir, qeydlər götürülür: “Azərbaycan tarixi Vaşinqton Sammiti ilə öz xoş niyyətini göstərib. Ölkəmiz tərəfindən birtərəfli addımlar da atılır ki, sülh prosesinin real nəticələrini hər kəs görsün. Lakin Ermənistan daxilində olan məsələlər var. Biz prosesi müşahidə edirik. Ermənistan cəmiyyəti qəbul etməli və anlamalıdır ki, sülh həm onlar üçün, həm də Azərbaycan cəmiyyəti üçün vacib olan məsələdir.
Nəticədə bu, hər iki tərəfin maraqlarına xidmət edən bir prosesdir. Ona görə bu diskussiyalara baxırıq.
Ermənistanda nə zaman Konstitusiyaya dəyişiklik olacaqsa, Azərbaycan tərəfi məsələyə son nöqtəni qoymağa hazırdır. Ancaq nəticəni gözləmək lazımdır”.