Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa böyük ehtiyac var.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Prezidentin köməkçisi bildirib ki, bununla yanaşı, yalnız sivilizasiyalar arasında deyil, sivilizasiyaların daxilində də dialoqun aparılması vacibdir: “Bu baxımdan, müxtəlif ölkələrdən və dünyanın fərqli bölgələrindən nümayəndələri bir araya gətirən Şuranın beynəlxalq müzakirə platforması kimi fəaliyyət göstərməsi mühüm əhəmiyyət daşıyır. Bu qurum bir sıra beynəlxalq təşkilatların, o cümlədən İƏT-in və digər qurumların dəstəyi ilə fəaliyyət göstərir. Təşkilatın üstünlüklərindən biri də onun Azərbaycanda fəaliyyət göstərməsidir. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşən, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların kəsişdiyi ölkədir. Biz uzun müddətdir Avropa institutları ilə əməkdaşlıq edirik. Eyni zamanda, İslam dünyasının və İslam sivilizasiyasının bir hissəsiyik və bununla fəxr edirik.
Azərbaycan Avropa və Qərb institutları ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlarla da dialoq üçün platforma təqdim edir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatları və institutları bir araya gətirərək onların arasında əməkdaşlığın inkişafına şərait yaradır".