Dövlət Dəniz Administrasiyasında tvinninq layihəsinə başlanıb

Dövlət Dəniz Administrasiyasında tvinninq layihəsinə başlanıb
# 16 noyabr 2012 13:57 (UTC +04:00)

Bakı – APA-Economics. Dövlət Dəniz Administrasiyasında İspaniya Nəqliyyat Nazirliyinin ekspertlərinin iştirakı ilə Avropa Birliyi və Azərbaycan Dövlət Dəniz Administrasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən və 18 ay davam edəcək “Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyinin Gücləndirilməsi haqqında tvinninq layihəsi”nin təqdimat mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov bildirib ki, layihənin əsas məqsədi dəniz nəqliyyatı sahəsi üzrə yerli tənzimləyici sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdir və layihə dəniz nəqliyyatı sahəsində Avropa İttifaqı təcrübəsinin öyrənilməsinin Azərbaycan Respublikasına böyük fayda verəcək.

Avropa Birliyiin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia adı çəkilən layihənin dəniz təhlükəsizliyi və dəniz mühitinin mühafizəsi baxımından əhəmiyyətini vurğulayaraq, son dövrlərdə Azərbaycanın bu sahədə əldə etdiyi uğurları qeyd edib.

Tədbirdə İspaniya Nəqliyyat Nazirliyinin ekspertləri ilə layihə və yeni dəniz nəqliyyatı strategiyasını hazırlamaq kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçıları Dövlət Dəniz Administrasiyasının inzibati binasında yaradılan Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə də tanış olublar. Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verən Ş.Məmmədov bildirib ki, o Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılıb. Milli Mərkəzin əsas funksiyaları Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması və s.-dir. Mərkəzin mütəxəssisləri uzaq məsafədən gəmilərin tanınması və izlənilməsi prosesini nümayiş etdiriblər. Qeyd olunub ki, Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox Avropa dövlətlərinin oxşar qurumlarını qabaqlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR