Azərbaycanda 120 nəfər yanğından xəsarət alıb

Azərbaycanda 120 nəfər yanğından xəsarət alıb
# 06 mart 2013 09:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ötən il ərzində ölkə ərazisində 120 nəfər yanğından xəsarət alıb. APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən Milli Məclisə göndərilən hesabatda qeyd olunub.

İl ərzində Azərbaycanda 7629, o cümlədən Bakı şəhərində 2960 yanğın hadisəsi qeydə alınıb. Onlardan cəmi 33 yanğın yüksək saylı çağırışla söndürülüb, digər yanğın hadisələrinin qarşısı çevik surətdə alınaraq yayılmasına imkan verilməyib.

Hər gün orta hesabla 21 yanğın hadisəsinə çıxış qeydə alınıb, hər 8 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. 2011-ci il ilə müqayisədə yanğınlar zamanı mühafizə olunan tikili sahəsi 157 min kvadratmetr, mühafizə olunan texnikaların sayı 111 ədəd, mühafizə olunan obyektlərin sayı 250 ədəd, yanğından xilas edilən mal qaranın sayı 571 baş artıq olub. Eyni zamanda yanğından xəsarət alanların sayı 20 nəfər (127-120 ), habelə biçilən taxıl sahələrində yanğınların sayı 306 hadisə, yanan sahə 2087 hektar az olub.

Yanğınların söndürülməsi zamanı 130 dövlət obyekti, 299 özəl obyekt, 364 çoxmənzilli bina, 562 fərdi ev, 359 yardımçı tikili, 268 texnika ,3230 hektara yaxın meşə sahəsi, və 2300 hektara yaxın biçilməyən taxıl zəmisi mühafizə olunub, yanğınların 21 kənd yaşayış məntəqəsinə keçməsinin qarşısı alınıb, 45 nəfərin həyatı real təhlükədən xilas olunub. Baş verən 127 yanğın hadisəsinin söndürülməsi zamanı insan həyatı üçün təhlükəli amili nəzərə alınaraq 843 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR