“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri müəyyən olunub

“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri müəyyən olunub
# 10 noyabr 2015 15:34 (UTC +04:00)


Bakı. Cavid Zeynallı - APA. Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II ümumrespublika bilik yarışı keçirilib.

APA-nın məlumatına görə, yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəbdən bir komanda olmaqla, yarışda ümumilikdə 46 komanda mübarizə aparıb. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olub.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Yarışmada 44 xalla Qafqaz Universitetinin komandası 1-ci olub. İkinci və üçüncü yerləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının komandası və Lənkəran Dövlət Universitetinin komandası tutub.

Yarış ərəfəsində hazırlıq məqsədilə bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr bu ziyarətlər zamanı Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, foto və video ilə yanaşı, digər zəngin arxiv materialları əsasında araşdırma aparıblar. Yarış zamanı tələbələrin muzeyə ziyarətlərini və hazırlıq mərhələsini əks etdirən videoçarx da yayımlanıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda birinci ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 12-də keçirilib. Birinci bilik yarışında 44 ali məktəbin komandası iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR