Məhkəmə dələduzluqda təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçmək üçün prokurorluğun verdiyi təqdimatı rədd edib

Məhkəmə dələduzluqda təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçmək üçün prokurorluğun verdiyi təqdimatı rədd edib
# 04 iyul 2014 07:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xəzər Rayon Məhkəməsində sənədləri saxtalaşdırma və dələduzluqda təqsirləndirilən Elnur Vəliyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün Xəzər Rayon Prokurorluğunun verdiyi təqdimata baxılıb.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçməkdən imtina edib.


A. Məmmədov bildirib ki, E. Vəliyev Cinayət Məcəlləsinin 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddələri ilə təqsirləndirilir: “Prokurorluq Elnur Vəliyevin barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi üçün Xəzər rayon Məhkəməsinə təqdimat vermişdi. Tutma protokoluna əsasən Elnur Vəliyev şübhəli şəxs qismində iyunun 30-da saxlanılıb və heç bir əsası olmadan müstəntiqin qərarı ilə ağır maddələr ilə ittiham edilərək, təqsirləndirilən şəxs qismində cəlb edilib. Məhkəmədə çıxış edən müstəntiq göstərdi ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan, tərəvəzçilik-südçülük sovxozunun Binə qəsəbəsi, Atçılıq adlanan ərazi ilə sərhəddə yerləşən torpaq sahəsindən 5 nəfərə fərdi ev tikmək üçün torpaq sahəsi ayrılıb. Elnur Vəliyev 2013-cü ilin avqust ayının əvvəllərində həmin torpaq sahəsinə dair atası və qohumlarının adlarına qanunsuz yolla sənəd hazırlamaqla ümumilikdə 0,50 hektar torpaq sahəsini ələ keçirib. Bundan sonra Elnur Vəliyev qeyd olunan torpaq sahəsinin 5 sotunu 15 min 688 manata sataraq zərər çəkmiş şəxslərə külli miqdarda ziyan vurub. Elnur Vəliyev isə çıxış edərək özünü təqsirli bilmədi. Daha sonra mən çıxış edərək bildirdim ki, müdafiə etdiyim şəxsə qaşı irəli sürülmüş ittihama dair ilkin sübutlar ehtimallara əsaslanmış və mötəbər deyil. Belə ki, qətimkan tədbirinin seçilməsi barədə qərarda şübhəli və ya təqsirləndirilən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirinin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir. Məhkəmə həbs qətimkan tədbiri seçərkən ilkin sübutlara istinad etməlidir. Lakin burada sübutlar yoxdur və onun barəsində həbs qətimkan tədbirinin seçilməməsini məhkəmədən xahiş etdim”.

A.Məmmədov bildirib ki, məhkəmə E. Vəliyev barəsində həbs-qətimkan tədbiri seçməyib, lakin hazırda cinayət işi istintaq mərhələsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR