Bu ilin əvvəlindən Azərbaycanda 98 min daşınmaz əmlak qeydiyyata alınıb

Bu ilin əvvəlindən Azərbaycanda 98 min daşınmaz əmlak qeydiyyata alınıb
# 06 avqust 2014 09:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahələrində müntəzəm tədbirlər həyata keçirilir.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, son 2 ildə komitə tərəfindən istifadəyə verilən elektron xidmətlər fəaliyyətdə şəffaflığın daha yüksək səviyyəyə qalxmasına, vətəndaş-məmur ünsiyyətinin əhəmiyyətli dərəcədə azalmasına və vaxta böyük qənaət olunmasına gətirib çıxarıb. Bu elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı sahələrini əhatə edir. Bu isə komitənin fəaliyyət sferasının əksər hissəsinin elektronlaşması deməkdir. Qısa vaxt ərzində komitə elektron xidmətlərin sayını 4-dən 22-yə çatdırıb. Ötən il komitənin göstərdiyi elektron xidmətləri vahid virtual məkanda cəmləyən ayrıca www.e-emdk.gov.az portalı istifadəyə verilib. Bu xidmətlərin sayı və keyfiyyət dərəcəsi artırılmaqdadır və bu ilin sonuna komitə yeni elektron xidmətləri istifadəyə verməyi nəzərdə tutur.

Elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlər, dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır. Bu xidmətlər sayəsində dövlət əmlakının qorunub saxlanmasına dair xüsusi hesabat formalarının elektron qəbulu həyata keçirilir. Komitənin elektron xidmətlər portalında 5 interaktiv xidmət dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclara aiddir. Belə ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarda iştirak üçün sifarişlər elektron qaydada qəbul edilir. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində təşkil edilən elektron xidmətlər bu sahədə şəffaflığı, operativliyi və rahatlığı daha yüksək səviyyədə təmin etməyə xidmət edir.

Elektron xidmətlər vasitəsilə vətəndaşlar birbaşa öz evlərindən, heç bir yerə getmədən, əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün internet vasitəsi ilə müraciət edə bilirlər. Banklar və digər müştərilər ipoteka və lizinq əməliyyatlarını dövlət qeydiyyatına alırlar. Bundan ötrü artıq nümayəndə və ya müştərinin ərazi idarələrinə getməsinə ehtiyac qalmayıb. Bu xidmətlər vasitəsilə indiyədək 77 000-dən çox müraciət daxil olub və qanunvericiliyə uyğun olaraq təmin edilib. Bu rəqəmin özü vətəndaşların və hüquqi şəxslərin elektron xidmətlərə marağının və bu xidmətlərdən optimal faydalanmalarının əyani sübutudur.

Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və vahid korporativ kompüter şəbəkəsi yaradılıb. İki onlayn xidmət istifadəyə verilib. Bunlardan biri daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara onlayn şəkildə verilməsidir. Bu da vaxta böyük qənaət olunması deməkdir. Digəri isə, daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların internet vasitəsilə verilməsi ilə bağlıdır. Belə ki, bu xidmət sayəsində mülkiyyətçilər heç bir yerə getmədən internet vasitəsilə rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış ola bilir. Bu xidmətin istifadəyə verilməsi təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar, və digər daşınmaz əmlak sahibləri üçün də xüsusilə faydalıdır.

Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə günün tələblərinə cavab verən müasir ərazi qeydiyyat idarələri vətəndaşlara xidmət göstərir. Belə idarələrdə fəaliyyət müasir əsaslarla qurulub və modern idarəetmə sistemi tətbiq edilir. Əsas məqsəd isə daşınmaz əmlakın qeydiyyatında vətəndaşlara keyfiyyətli, şəffaf, və rahat xidmətlərin göstərilməsi ilə sosial məmnunluğu artırmaqdır. Daşınmaz əmlakın qeydiyyatı sahəsinin sürətli inkişafı sayəsində vətəndaşların daşınmaz əmlakın qeydiyyatına maraqları ilbəil yüksəlir. Qeydiyyat prosesinin sadələşdirilməsi, ərazi idarələrində xidmət şəraitinin yüksəldilməsi, o cümlədən komitə tərəfindən həyata keçirilən maarifləndirmə və agahlıq tədbirləri qeydiyyat prosesini stimullaşdırır.

Bütün bu yeniliklər son illərdə daşınmaz əmlakının qeydiyyatının artmasına yüksək təsir edib. Belə ki, ötən il indiyədək maksimum qeydiyyat sayı – 178 minə yaxın daşınmaz əmlak qeydə alınıb. Bu ilin 6 ayı ərzində isə bu rəqəm 98 min olub, bu ilin sonunda qeydiyyat sayında yeni rekord say proqnozlaşdırılır.

Komitənin göstərdiyi xidmətlərdə həyata keçirdiyi növbəti innovasiya mobil ofis xidmətlərinin istifadəyə verilməsidir. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. Əsas məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsidir. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 4 600-dən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR