Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı son bir ayda 2 dəfədən çox azalıb

Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı son bir ayda 2 dəfədən çox azalıb
# 08 iyun 2015 12:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən işəgötürənlərin əməyin mühafizəsinin təmin olunmasına diqqətin artırılması məqsədilə həyata keçirdiyi tədbirlər ölkədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının cari ilin may ayında da ciddi şəkildə azalmasına səbəb olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin may ayı ilə müqayisədə 2,2 dəfə azalaraq 11-ə enib. Həmçinin bu hadisələr zamanı xəsarət alanların sayında 3,4 dəfə azalma qeydə alınıb. Baş vermiş istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı olaraq, DƏMX tərəfindən müvafiq qaydada təhqiqat işləri aparılaraq, qanunauyğun tədbirlər görülüb.

Ümumən bu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 44%, həmin hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 47,2%, xəsarət alanların sayı isə 2,1 dəfə azalıb. 2014-cü ilin 5 ayında qrup halında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 15 olduğu halda, bu ilin yanvar-may aylarında belə hadisə özünü göstərməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR