“Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət toplunun təqdimat mərasimi keçirilib

“Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət toplunun təqdimat mərasimi keçirilib
# 12 fevral 2013 12:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət toplunun təqdimatı olub. APA-nın məlumatına görə, topluda erməni terror təşkilatlarının və silahlı dəstələrinin XX əsrin əvvəllərində və əsrin sonlarında dinc azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar öz əksini tapıb.

Tədbirdə çıxış edən “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-in rəhbəri, millət vəkili Qənirə Paşayeva filmlər toplusunun əhəmiyyətindən danışaraq bildirib ki, ermənilər tərəfindən XX əsrin əvvəllərində, eyni zamanda əsrin sonlarında torpaqlarımızın işğalı zamanı dinc azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlar film şəklində topluda ayrı-ayrılıqda geniş şəkildə əksini tapıb: “XX əsrin əvvəllərində həyata keçirilən soyqırımlar “Soyqırım: Bakı”, “Soyqırım: Quba”, “Soyqırım: Şamaxı” adlı film şəkilində 3 diskdə yer alır. Əsrin sonlarında törədilən dinc azərbaycanlılara qarşı soyqırımlar isə “Xocalı soyqırımı”, “Qaradağlı soyqırımı”, “Ağdaban soyqırımı” adlı 3 film şəklində hazırlanıb. Bundan başqa, topluda Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Şuşa və Ağdam şəhərlərində törətdikləri vandalizm aktları haqqında “Dağıdılmış mədəniyyət beşiyi-Şuşa” və “Ağdam; Qafqazın xirosiması” filmləri var”.

Azərbaycan və ingilis dillərində hazırlanan “Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət topluların hər birinin 1000 nüsxə çap olunduğunu deyən Q. Paşayeva, Azərbaycan dilində olan filmlər toplusunun artıq Azərbaycanın xaricdəki diaspor təşkilatlarına, universitetlərə, hərbi hissələrə, gənclər təşkilatlarına göndərilməsinə başlandığını açıqlayıb: “Layihənin ingilisdilli variantı isə beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəliklərinə göndərilir”.

Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev artıq Azərbaycan həqiqətlərinin dünyada çox sürətlə yayıldığını söyləyib. E. Abdullayevin sözlərinə görə, Xarici İşlər Nazirliyi bu soyqırımların dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün diplomatik nümayəndəliklər vasitəsilə digər ölkələrdə də geniş təbliğat aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR