Bakı Nəqliyyat Agentliyi bir neçə gün öncə verdiyi qərarı niyə ləğv edib? - ARAŞDIRMA

Bakı Nəqliyyat Agentliyi bir neçə gün öncə verdiyi qərarı niyə ləğv edib? - <span style="color: red;">ARAŞDIRMA
# 16 iyun 2016 12:41 (UTC +04:00)

Bakı - APA-Economics. Bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin qərarı ilə ləğv olunmuş 18 və 96 saylı marşrut xətləri fəaliyyətini bərpa edib.

Marşrut xətlərinin sahibi olan "Xaliq Faiqoğlu" MMC-dən "APA-Economics"ə bildirilib ki, 16 saylı marşrut xəttinin ləğvi ilə bağlı qərar isə qüvvədə qalıb.

Maraqlıdır ki, bu marşrut xətlərinin ləğv olunması ilə bağlı qərar veriləndən sonra tərəflər arasında ciddi qarşıdurma yaranmışdı. Belə ki, ötən həftənin şənbə günü "Xaliq Faiqoğlu" MMC-nin direktorunun müavini Fizuli Sadıqov "APA-Economics"ə açıqlamasında bildirib ki, BNA bu addımı "BakuBus" MMC-nin işini asanlaşdırmaq üçün atıb: "İllərdir 18 saylı marşrut xətti ilə bizim avtobuslar hərəkət edirdi. Bakı Nəqliyyat Agentliyi həmin marşruta "BakuBus"ın 7 saylı avtobuslarını buraxdı. Bundan başqa, 96 saylı marşrut xətti də bizə məxsusdur və illərdir fəaliyyət göstərir. Yenə də həmin marşruta "BakuBus"ın 14 saylı avtobusları buraxıldı. "BakuBus"a məxsus 2 saylı marşrut xətti üçün bizim 65 saylı marşrut xəttini sıradan çıxardılar. Səbəb bəllidir: biz "BakuBus" MMC-nin pul yığmağına mane oluruq. Düşünmürlər ki, avtobusların alınmasına milyonlarla pul xərcləmişik! Düşünmürlər ki, şirkətimizdən yüzlərlə insan ailəsinə çörək pulu aparır! İndi də "BakuBus" pul yığa bilmir deyə düşüblər şirkətlərin canına. Məqsəd odur ki, bazarda sırf "BakuBus" qalsın. Halbuki, biz bütün tələbləri çoxdan yerinə yetirmişik, hətta "BakuBus" fəaliyyətə başlamayandan. Təkcə kart sisteminə keçid üçün 421 min dollar xərc çəkmişik".

F. Sadıqov qeyd edib ki, sözügedən qərar qəbul olunduqdan sonra 200 sürücü işsiz qalıb. Həmin sürücülər hətta etiraz aksiyası da keçirib və işə bərpa olunmasını tələb ediblər.

Həmin gün BNA-nın cavabı özünü gecikdirmədi. Qurumun mətbuat xidmətinin rəisi Nuridə Allahyarova bildirib ki, müvafiq qərar qəbul olunan zaman bəzi xətlərin təkrarlanması, sərnişinlərin tələbatı və onların məmnunluğu kimi amillər nəzərdən keçirilib: "Konkret olaraq "Xaliq Faiqoğlu" MMC ilə bağlı bizim əlimizdə digər daşıyıcıların, habelə sərnişinlərin konkret şikayətləri var. Şikayətlərdə şirkətə məxsus avtobusların sürücülərinin kobud qayda pozuntuları, avtobusların müasir standartlara cavab verməməsi qeyd edilib. Hər şey heç də qarşı tərəfin iddia etdiyi kimi deyil. Adıçəkilən şirkətin nümayəndəsi bildirir ki, avtobusları standartlara cavab verir. Bakı Nəqliyyat Agentliyi adıçəkilən şirkətə 18 saylı marşrut xəttində istismar olunan avtobuslarla bağlı xəbərdarlıq etdikdən sonra onlar həmin gecə ərzində 61 saylı marşrut xəttində istismar olunan avtobuslarla əvəzləndi. Başqa sözlə, şirkət Əlinin papağını Vəlinin başına qoyub. Bakı Nəqliyyat Agentliyi bütün məsələləri hüquq çərçivəsində həll edib".

N. Allahyarova əlavə edib ki, sürücülərin işsiz qalmaması üçün 16, 18 və 96 saylı marşrut xətlərinin ləğv olunması ilə bağlı qərar verilməzdən öncə adıçəkilən şirkətə iki alternativ xətt təklif olunub, lakin şirkət rəhbərliyi onlardan imtina edib: "Şirkət rəhbərliyi iki alternativ xəttdən imtina edərkən bildirib ki, onlar üçün 18 və 96 saylı xətlər daha maraqlıdır. Səbəb də rentabelliklə izah olundu. Halbuki, bizim təklif etdiyimiz xətlər də rentabellidir. Sürücülərinin işsiz qalmasından narahat olan şirkət iki alternativ xəttin işlədilməsinə razılıq verə bilərdi".

Qarşı tərəf isə səslənən iddialarla razılaşmır. F. Sadıqov qeyd edir ki, şirkətin avtobus parkının müvafiq standartlara cavab verməməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Gəlib, özünüz baxa bilərsiniz. Bizim parkımız olduqca müasirdir. Üstəlik, burada işlər davam etdirilir. Şirkət parkın yenilənməsinə külli miqdarda xərc çəkib. Bizim hazırda bir neçə banka 20 milyon manata yaxın kredit borcumuz var. Avtobuslarımız işləmədikcə, kreditin ödənişində də problemlər yaranacaq. Bunları düşünən yoxdur".

18 və 96 saylı marşrut xətləri ilə hərəkət edən avtobuslarda bu qədər ciddi nöqsanlar aşkarlayan BNA qəfildən qərarını niyə dəyişib? Bu suala cavab tapmaq üçün BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova ilə əlaqə saxladıq. N. Allahyarova məsələyə münasibət bildirmək istəməyib. Belə olduğu halda BNA-nın direktoru Vüsal Kərimli ilə əlaqə saxladıq. Lakin telefonu onun köməkçisi götürdü. Maraqlıdır ki, V. Kərimli bu vəzifəyə təyin olunandan (bundan öncə "BakuBus" MMC-nin direktorunun müavini olub) onun telefonunu yalnız köməkçisi götürür. Direktorun köməkçisi bizə məsləhət verdi ki, mətbuat xidmət ilə əlaqə saxlayaq. Eşidəndə ki, mətbuat xidməti məsələyə münasibət bildirmək istəmir, köməkçi bir çox suallara aydınlıq gətirən cavab verdi: "Deməli, istəmirik də..."

Buna görə N qədər problemi olan marşrutların xəttə necə qayıtdığını, təkrarlanan marşrut xətlərinin necə bərpa olunduğunu öyrənə bilmədik. Sualların cavabını BNA da, "Xaliq Faiqoğlu" MMC də bilir. Görünür, rusların məşhur "tretiy lişniy" (üçüncü artıqdır - red.) ifadəsinə söykənən prinsiplə işləmək daha rahatdır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR