“Unibank” elektron arayışla kreditlərin verilməsinə başlayıb

“Unibank” elektron arayışla kreditlərin verilməsinə başlayıb
# 23 oktyabr 2014 13:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank”da kreditin rəsmiləşdirilməsi üçün vətəndaşlar elektron arayışdan istifadə edə biləcəklər.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə imzalanan müqaviləyə əsasən, “Unibank” və “Elektron Hökumət” portalı əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar iş yerindən arayış gətirmədən də “Unibank” filiallarına kredit almaq üçün müraciət edə biləcək.

Bankdan bildirilib ki, yeni xidmət müştərilərə aşağıdakı imkanları verir:

  • Evinizdən, iş yerinizdən e-gov.az portalında qeydiyyatdan keçərək, kredit almaq üçün fərdi arayışınızı “Unibank”a göndərə biləcəksiniz;
  • Qeydiyyat prosesini “Unibank” filiallarında həyata keçirərək yerindəcə kredit almaq fürsəti qazanırsınız;
  • Artıq qeydiyyatdan keçmişsinizsə və kod parola maliksinizsə, filiallarımızda əlavə vaxt itirmədən kredit müraciətinizə baxılması.

Elektron hökumət portalına daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar.

www.e-gov.az portalında qeydiyyatdan keçmək və fərdi arayışı formalaşdırmaq çox sadədir. Bunun üçün www.e-gov.az elektron hökumət portalına daxil olmaq, qeydiyyat prosedurunu tamamlamaq və "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə arayışı formalaşdırıb elektron şəkildə “Unibank”a göndərmək kifayətdir.

Məlumat Hesablama Mərkəzi ilə “Unibank” arasında imzalanan müqavilənin şərtlərinə görə, bankın filiallarında da “Elektron hökumətin” qeydiyyat məntəqələri fəaliyyət göstərəcək. Bunun sayəsində kredit üçün müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə, kod parol olan zərfləri bank filiallarından əldə edə biləcəklər. Bank isə öz növbəsində vətəndaşın “Elektron Hökumət” portalındakı məlumatlarına əsasən, dərhal onun kreditlə bağlı müraciətini cavablandıracaq.

“Elektron hökumət” portalından qeydiyyatdan keçərkən rastlaşa biləcəyiniz sualların cavablandırılmasında bank əməkdaşları sizə yardımçı olacaqlar.

Göndərilən arayışlar “Elektron hökumət” tərəfindən onlayn qaydada imzalanır.

Növbəti mərhələlərdə vətəndaşların portalın xidmətlərindən daha rahat istifadə edə bilmələri üçün “Unibank”ın filiallarında terminalların da quraşdırılması nəzərdə tutulub.

Layihənin icrasına ilkin olaraq “Unibank”ın Rəşid Behbudov, 55 ünvanındakı baş idarəsində başlanılır. Qısa müddətdə elektron arayışla kreditlərin verilməsi bankın bütün filiallarında mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR