Azərbaycanın 2014-cü ilin 9 aylıq dövlət büdcəsinin icrasında 1,4 mlrd. manatlıq profisit yaranıb

Azərbaycanın 2014-cü ilin 9 aylıq dövlət büdcəsinin icrasında 1,4 mlrd. manatlıq profisit yaranıb
# 16 oktyabr 2014 12:32 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxili 14 070,6 mln. manat, xərcləri 12 693,5 mln. manat olub, 1 377,1 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

APA-Economics”in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyinin büdcənin icrasına dair operativ məlumatında deyilir.

Beləliklə, 2014-cü ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 13 903,7 mln. manat proqnoza qarşı 14 070,6 mln. manat və yaxud 1,2% çox olub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,8% icra edilməklə dövlət büdcəsinə 5 324,4 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 394,4 mln. manat və yaxud 8% çoxdur. Həmin vəsaitin 58,3%-i və yaxud 3 107,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 376,0 mln. manat və yaxud 13,8% çoxdur.

2014-cü ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,1% əməl edərək büdcəyə 1 134,9 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% və yaxud 123,2 mln. manat çoxdur.


Bu dövrdə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 155,0 mln. manat təşkil edib. Sair daxilolmalardan nəzərdə tutulan 27,1 mln. manata qarşı büdcəyə 56,6 mln. manat və yaxud proqnoza nisbətən 2,1 dəfə çox vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 mln. manat və yaxud 16,7% çoxdur.

Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 399,7 mln. manat vəsait transfert edilib.

2014-cü ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 4 731,7 mln. manat icra olunub.

2014-cü ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86% və yaxud 12 693,5 mln. manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq bu ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 31,7%-i və yaxud

4 019,4 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% və yaxud 521,4 mln. manat çoxdur.


Funksional təsnifata uyğun olaraq 2014-cü ilin doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə mənzil və kommunal təsərrüfatı xərclərinə 24,6% (51,0 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 16% (29,7 mln. manat), müdafiə xərclərinə 15,2% (141,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılmasına 10,7% (71,9 mln. manat), səhiyyə xərclərinə 9,2% (37,8 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 8,4% (113,6 mln. manat), təhsil xərclərinə 8% (70,4 mln. manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 4,2% (14,8 mln. manat) çox vəsait yönəlib.


Bu ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1 401,2 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2 729,1 mln. manat vəsait yönəldilib.


Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 44,4 mln. manat vəsait sərf edilib. Dövlət büdcəsinin xərcləri bu ilin iyul-sentyabr ayları üzrə 3 969,6 mln. manat icra olunub.


2014-cü ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Bu ilin doqquz ayında icmal büdcənin gəlirləri 17 734,3 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 817,4 mln. manat və yaxud 4,8% çoxdur . İcmal büdcənin xərcləri 14 652,8 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 265,6 mln. manat və yaxud 1,8% coxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR