Hindistan səfiri: “Hindistan Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və hörmət edir” - MÜSAHİBƏ

Hindistan səfiri: “Hindistan Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və hörmət edir” - <span style="color: red;">MÜSAHİBƏ
# 26 dekabr 2012 07:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Hindistanın Azərbaycandakı səfiri Vinod Kumarın APA-ya müsahibəsi.

- Hindistan və Azərbaycan arasında əlaqələri necə qiymətləndirirsiniz?

- Azərbaycan və Hindistan arasında əlaqələr əsrlərdir ki, mövcuddur və iki ölkə arasında çox gözəl dostluq münasibətləri var. Lakin bu münasibətlər mövcud potensialdan çox uzaqdır. Göründüyü kimi, Hindistan inkişaf edir. Azərbaycan da gündən-günə çiçəklənir, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Lakin bütün bunlara baxmayaraq, bizim münasibətlərimiz hər iki ölkənin real potensialına uyğun deyil. Biz hesab edirik ki, bu istiqamətdə bu il çox işlər görmüşük və ümid edirik ki, bütün bunlar hər iki ölkənin əlaqələrinin möhkəmlənməsinə öz təsirini göstərəcək. Məsələn, yalnız bu il ərzində Azərbaycana böyük nümayəndə heyətləri ilə 4 hindistanlı nazir səfər edib. Azərbaycandan da o cümlədən çoxsaylı nümayəndə heyətlərinin səfəri təşkil olunub. Bu il Azərbaycanın sənaye və energetika naziri Hindistanda olub və digər nazirlər də tezliklə Hindistana səfər etməyi planlaşdırırlar. Biz ümid edirik ki, bu cür görüşlər iki ölkə arasındakı münasibətlərə yaxınlıq və uğur gətirəcək.

Mədəniyyət sahəsində də əlaqələr inkişaf edir. Çalışdığım müddətdə mən burada hər kəsin “Bollywood”u necə sevdiyini gördüm. Azərbaycan Dillər Universitetində qonaq olduğum zaman mənimlə birlikdə getmiş hind professor üçün tələbələr hind rəqsi hazırlamışdılar. Onlar o qədər gözəl rəqs etdilər ki, mən hətta özümü Mumbay teatrında hiss etdim. Burada hər kəs Rac Kapuru çox gözəl tanıyır və sevir.

Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı həyata keçirir. Bu proqram əsasında Hindistan öz universitetlərini treninqlər keçmək üçün tələbələrə açır. Biz bu istiqamətdə Azərbaycan tərəfi ilə də əməkdaşlıq etməyə və təcrübə mübadiləsi aparmağa hazırıq. Azərbaycandan olan tələbələr də Hindistanın ən yaxşı institutlarında treninqlər keçə bilərlər. Biz proqram əsasında 3 aylıq, 6 aylıq proqramlar təklif edirik. Həmçinin təqaüd proqramları da mövcuddur. Biz bu məsələ ilə bağlı təklifi və proqramı Azərbaycan Xarici İşlər Nazirliyinə göndərmişik.

Qeyd etmək istəyirəm ki, münasibətlərin gələcəyi parlaqdır. Bizi hesab edirik ki, gələcək illərdə Azərbaycanla Hindistanın birgə fəaliyyətləri daha da genişlənəcək.

- İki ölkə arasında iqtisadi əlaqələr necə inkişaf edir, hökumətlərarası komissiyanın növbəti iclası nəzərdə tutulubmu?

- Bu ilin aprelində biz Azərbaycanda hökumətlərarası komissiyanın iclasını keçirdik. Normal olaraq komissiyanın iclası burada keçirilibsə, növbəti iclas Yeni Dehlidə keçirilməlidir. Biz bu barədə iclasda da qərarlaşmışdıq. Lakin Hindistana nə vaxt gedəcəkləri Azərbaycan tərəfinin qərarıdır. Biz nazirlərin səfərini təşkil etməyə hazırıq. Rabitə və informasiya texnologiyaları, xarici işlər, ədliyyə, gənclər və idman nazirlərinə dəvət məktubları göndərmişik.

Ümumilikdə iqtisadi əlaqələrlə bağlı onu deməliyəm ki, bu münasibətlər iki tərəf üçün də çox vacibdir. İki ölkə arasında iqtisadi əlaqələr əsrlər öncə qurulub. Atəşgah məbədi buna sübutdur. Biznes adamları, tacirlər səfərləri zamanı Azərbaycanda sığınacaq qurublar, burada qalıblar. Azərbaycan tərəfinin də onlara necə qonaqpərvərlik göstərdiyi bizə məlumdur. Bizim aramızda iqtisadi əlaqələr qurulub, lakin biz bunu kifayət qədər inkişaf etdirməmişik. İndən belə bunu etməyi düşünürük.

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Düzdür, müstəqillikdən sonra Azərbaycanın, o cümlədən Hindistanın 90-cı illərdə problemləri var idi. 2005-ci ildən biz sürətlə inkişaf etməyə başladıq və əlaqələr üçün potensial da kifayət qədər artdı. Ölkələrimiz arasında enerji sahəsində də əlaqələr inkişaf edir. Azərbaycanda kifayət qədər hidrokarbonat, neft, qaz ehtiyatları var və biz bu ölkə ilə bu sahədə əməkdaşlıq etmək istəyirik. Bizim şirkətlər Azərbaycandan birbaşa neft tədarükünə başlayıblar. O cümlədən əlaqələrimiz əczaçılıq, kənd təsərrüfatı sahələrində sürətlə inkişaf edir. Ticarət sahəsində bu ilə kimi dövriyyə çox aşağı olub, ötən ilə kimi bu 300 milyon dollardan yüksək olmayıb. Lakin 2012-ci il ərzində ilin ilk 9 ayında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib. Son 3 ayda isə bu miqdar 1,7-1,8 milyard dollara kimi yüksəlib. Göründüyü kimi, göstərici 6 dəfə artıb.

Beləliklə, bizim həm siyasi, o cümlədən kommersiya, iqtisadiyyat sahəsində əməkdaşlıq üçün kifayət qədər imkanlarımız var.

- Turizm sahəsində əməkdaşlıq hansı səviyyədədir?

- Bizim turizm əlaqələri üçün çox gözəl imkanlarımız var, lakin bu əlaqələrdə bir sıra problemlər mövcuddur. Bunlardan ən əsası iki ölkə arasında birbaşa hava əlaqəsinin olmamasıdır. İnsanlar buraya və ya Azərbaycanda Hindistana səfər etmək üçün dövrə vururlar. Bizi bunu rəhbər orqanlarla müzakirə etmişik. Əgər hava yolu bərpa edilsə, çox sayda insan Hindistandan Azərbaycana gələr.

Gəlin rəqəmlərə baxaq. Hindistanda 1,27 milyard insan var. Hər il onlardan təxminən 400-500 milyonu xaricə səfər edir. Əgər bunlardan 1-2 faizi Azərbaycana gəlsə, görün, neçə milyon alınır. Bu istiqamətdə turizm agentlikləri arasında səfərlərin təşviqi ilə bağlı sənədlərin imzalanması gözlənilir. Biz bu məsələləri Azərbaycan mədəniyyət və turizm naziri ilə də müzakirə etmişik. Nazir bildirib ki, bütün dünyadan, xüsusilə Hindistandan turistlərin cəlb edilməsi üçün Atəşgahda bərpa işləri aparılacaq.

Biz hazırda birbaşa hava əlaqəsinin yaradılması üçün bir neçə yolları müzakirə edirik. Bu barədə AZAL rəhbərliyi ilə də danışıqlar aparılıb. Bizə bildirilib ki, bu istiqamətdə yalnız Hindistana uçuş təşkil etmək iqtisadi cəhətdən sərfəli deyil. Lakin belə anlaşılıb ki, onlar bu istiqamətdə tək Hindistan deyil, o cümlədən Kuala Lumpur və başqa şəhərlər üçün də uçuşlar təşkil etməyi planlaşdırırlar.

Əsas problemlərdən biri də Hindistanda Azərbaycanla bağlı informasiyanın az olmasıdır. Mən Hindistanda Azərbaycana gedəcəyimi deyəndə məndən oranın harada olduğunu soruşdular. Çünki Azərbaycan 20 ildir ki, müstəqildir və ona kimi biz yalnız SSRİ-nin mərkəzi - Moskvanı tanımışıq. İki ölkə arasında əlaqələr olub, lakin SSRİ-nin tərkibi kimi. Hazırda Azərbaycan sürətlə inkişaf edir və düşünürəm ki, Hindistandan bu ölkəyə yaxın illərdə daha çox turist gələcək.

- Hindistan Azərbaycanla neft-qaz sahəsində hansı istiqamətdə əməkdaşlıq etmək niyyətindədir? Hindistan Milli Neft Şirkətinin Bakıda nümayəndəlik açması məsələsi nə yerdədir?

- Bildiyimiz kimi, Hindistanın əhalisi artır və enerji tələbatı gündən-günə yüksəlir. Biz enerji ehtiyaclarımızın 80 faizini eyni ərazidən olan mənbədən alırıq. Lakin indi biz enerji mənbələrimizi diversifikasiya etmək istəyirik və bu istiqamətdə bizim üçün ən vacib ölkələrdən biri Azərbaycandır. Hindistan Milli Neft Şirkəti Azərbaycanın SOCAR və BTC-da səhmləri olan xarici şirkətlərlə işləmək niyyətindədir. Amerikanın “Hess” şirkəti Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarındakı və Bakı-Tiflis-Ceyhan kəmərindəki paylarının bir hissəsini Hindistanın ONGC şirkətinə satıb. Bu proses sentyabr ayında başlayıb və hazırda yekunlaşmaq üzrədir. Biz bu prosesin 31 mart tarixinə kimi yekunlaşacağını gözləyirik. Çünki bizim maliyyə ili sizdəki kimi yanvardan dekabra kimi deyil, martın 31-nə kimidir. Növbəti 3 ay üçün biz formal işlərin yekunlaşacağını gözləyirik.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Hindistanın mövqeyi necədir?

- Hindistan hər zaman Azərbaycanın milli suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və hörmət edir. Biz bu mövqeyimizi davam etdirəcəyik. Həmçinin biz sizin ölkənin ikitərəfli danışıqlar, ATƏT-in Minsk Qrupu çərçivəsində və digər mexanizmlər tətbiq etməklə münaqişənin həlli istiqamətində səylərini yüksək qiymətləndiririk.

- Uzun illərdir ki, Hindistan və Pakistan arasında Kəşmir problemi davam edir? Hazırda bu münaqişənin həlli istiqamətində hansı addımlar atılır?

- Hindistan və Pakistan arasındakı Cammu və Kəşmir problemi bizə müstəmləkə dövründəki rəhbərlikdən qalıb və artıq tarixi problemə çevrilib. İki ölkə arasında bu istiqamətdə danışıqlar gedir və kifayət qədər irəliləyiş əldə olunub. Danışıqlar rəsmi səviyyədə, o cümlədən qeyri-rəsmi səviyyədə - insanlar arasında aparılır. Lakin problem ondadır ki, nə zaman hər iki ölkə danışıqların yekun mərhələsinə çatsa, o zaman ekstremistlər çaxnaşma törədərək prosesə mane olurlar. Buna 2008-ci il 26 noyabr tarixində Bombeydə baş vermiş terror aktlarını misal göstərmək olar.

Bu tip insidentlər iki ölkə arasındakı müzakirələrə və danışıqlara birbaşa təsir edir. Hər iki ölkə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq antisosial qüvvələr problem törədirlər.

Ərazidə isə demokratik proseslər güclənir. İki dəfə müstəqil seçkilər keçirilib və yüksək iştiraklılıq və səs çoxluğu ilə Milli Konfrans Partiyası qalib olub.

İki ölkə arasında bu istiqamətdə danışıqlar da öz nəticəsini verir. Bundan başqa, ölkələrimiz arasında ticarət də yüksək səviyyədə inkişaf edir. Tez-tez rəsmi səfərlər reallaşır. Bu yaxınlarda Pakistanın prezidenti Hindistana səfər edib, baş nazir və digər nazirlərin səfərləri gözlənilir.

Biz ümid edirik ki, danışıqlar tezliklə yekunlaşacaq. Biz terroristlərin əməllərinə əhəmiyyət verməyəcək və danışıqları davam etdirəcəyik. Son olaraq deyə bilərəm ki, münaqişənin həlli çox yaxındır.

- Hindistan Azərbaycanla qarşılıqlı hüquqi yardım müqaviləsi imzalayacağını bildirib, bu nə zaman üçün nəzərdə tutulur?

- Biz bu məsələ ilə bağlı Azərbaycanın ədliyyə nazirini Hindistana dəvət etmişik. Sənədlərin hazırlıq prosesi artıq yekunlaşıb. Sizin ölkənin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi səbəbindən səfərin reallaşması gecikir. Bizim nazir Azərbaycanın ədliyyə nazirinə dəvət göndərib, o isə səfərin olacağının bildirib, lakin vaxtı hələ ki məlum deyil. Ola bilər ki, növbəti il üçün bu sənədin imzalanması reallaşsın.

Qarşılıqlı hüquqi yardım sənədi 3 hissədən ibarətdir - cinayət işləri, mülki işlər və ekstradisiya işləri. Sənədə görə, Azərbaycan Hindistan tərəfinin tələbi ilə qanunsuz fəaliyyətlərin qarşısını tutmaqla, həbs etməklə almalıdır, həmçinin Azərbaycan tərəfinin təklifi ilə Hindistan tərəfinin bunları etməsi nəzərdə tutulur. Müqavilə ümumilikdə cinayətlərin qarşısının alınması, istintaqı və məhkəmə təqibi, orderlərin və digər məhkəmə komissiyalarının icrası, zəruri hallarda gəlirlərin və cinayət alətlərinin götürülməsi və müsadirəsi zamanı qarşılıqlı yardımı özündə əks etdirir.

İki ölkə arasında indiyə kimi bu istiqamətdə hüquqi sənəd imzalanmayıb. Bu baxımdan da bu sənəd və bu sahədə əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR