Musiqili Komediya Teatrının «Təbəssüm» rəqs kollektivi Türkiyədə çıxış edəcək

Musiqili Komediya Teatrının «Təbəssüm» rəqs kollektivi Türkiyədə çıxış edəcək
# 11 fevral 2013 14:29 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının «Təbəssüm» rəqs kollektivi aprelin 14-də Türkiyəyə yola düşəcək. Teatrdan APA-ya verilən məlumata görə, TRT-nin xətti ilə 35-ci dəfə düzənlənən Beynəlxalq Uşaq Festivalında bu dəfə Azərbaycanı Musiqili Komediya Teatrının ən balaca artistləri - Yaradıcılıq Studiyasının üzvləri təmsil edəcəklər.

İzmir şəhərində keçiriləcək festivalda kollektivin 10 yaşdan 13 yaşa kimi 13 solisti iştirak edəcək. Bu il həmin festivala dünyanın 110 ölkəsindən balaca istedadlar qoşulacaq. Azərbaycanlı uşaqlar eyni zamanda dəvət olunmuş nümayəndələr arasından seçilən 10 ölkənin balaca elçiləri ilə birlikdə İstanbuldakı şənliklərə də qatılacaqlar.

Dünyanın ən müxtəlif meridianlarından gələn uşaqlar bayram günlərində Ankaraya uçacaq, TRT rəhbərliyi, Türkiyə parlamentinin üzvləri, baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Güllə görüşəcəklər.

Balacaların çıxışları aprelin 23-də TRT kanalı ilə canlı yayımlanacaq. Uşaqlar möhtəşəm konsert proqramlarında Azərbaycanın milli rəqslərini ifa edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR