Ümumdünya Gömrük Təşkilatı Bakıda təlim keçirir

Ümumdünya Gömrük Təşkilatı Bakıda təlim keçirir
# 13 oktyabr 2014 11:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Konteyner daşınmalarına nəzarət” layihəsi çərçivəsində təlim başlayıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi bu layihə üzrə təşkil olunan təlimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistan gömrük orqanlarının əməkdaşları iştirak edirlər.

Təlimin işə başlaması münasibətilə keçirilən açılış mərasimində BMT-nin Orta Asiya ofisinin nümayəndəsi Batır Geldiyev “Konteyner daşınmalarına nəzarət” layihəsi haqqında məlumat verib. Azərbaycan Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı hazırda dünyada daşınmaların 90%-nin konteynerlər vasitəsilə aparıldığını və bunun da yalnız 2%-nin gömrük nəzarətindən keçdiyini qeyd edib.

Baş İdarənin rəisi ölkəmizin həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də Xəzərdə ən böyük liman - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi irimiqyaslı layihələrin hesabına yaxın gələcəkdə regionda yük daşımalarının həcminin artırılmasının gözlənildiyini vurğulayaraq, bunun da öz növbəsində, gömrük sahəsində hüquqpozmaların, o cümlədən, narkotik qaçaqmalçılığı hallarının artması təhlükəsini yaradacağına diqqət çəkib. G. Muradlı bu baxımdan, sözügedən sahədə risklərin azaldılması işində “Konteyner daşınmalarına nəzarət” layihəsinin böyük əhəmiyyət daşıdığını bildirib.

Daha sonra ÜGT-nin nümayəndələri Peter Timmermans, Cesar Sohiaffino və DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov layihənin məqsəd və əhəmiyyəti barədə məlumat xarakterli çıxış ediblər. Təlim 5 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR