Prezident İlham Əliyev: “Azərbaycan regionun coğrafi və logistik mərkəzinə çevriləcək”

Prezident İlham Əliyev: “Azərbaycan regionun coğrafi və logistik mərkəzinə çevriləcək”
# 08 iyun 2016 22:55 (UTC +04:00)

Bakı-APA. “Biz coğrafi mövqeyimizdən istifadə edərək qitələri birləşdirən çox güclü logistik və nəqliyyat infrastrukturu yaratmışıq. Məsələn, İpək Yolunun bərpası ilə bağlı layihəyə 2007-ci ildə - biz Türkiyə və Gürcüstan ilə birgə üç ölkə arasında Asiya və Avropanı birləşdirən dəmir yolunun tikintisinə başlamağımızla start verildi. Beləliklə, indi bu layihə demək olar ki, hazırdır və ümidvaram, bu ilin sonunadək bu marşrut açılacaq”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev iyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, artıq Azərbaycan ərazisi ilə Çindən Avropaya ilk sınaq konteyner qatarları keçib: “Bu, Asiyadan Avropaya və əks istiqamətdə ən qısa yol olacaq. Ümidvaram ki, alman şirkətləri bu ilin sonunadək reallaşacaq bu imkandan yararlanacaqlar. Eyni zamanda, Xəzər dənizində Bakıya yaxın yerdə ən böyük dəniz limanının tikintisi və yenə də Azərbaycan ərazisindən istifadə etməklə Cənubdan Şimala daha bir dəhlizin yaradılması layihələri ilə Azərbaycan nəqliyyat nöqteyi-nəzərindən regionun coğrafi və logistik mərkəzinə çevriləcək. Bu, nəinki iqtisadi cəhətdən faydalı olacaq, həm də əməkdaşlığı və qarşılıqlı əlaqələri gücləndirəcək. Əgər biz sabit vəziyyət yaratmaq istəyiriksə, - düşünürəm ki, regionun bütün ölkələri bunu etmək istəyir, – bizim regionda fəal beynəlxalq əməkdaşlığa ehtiyacımız var və ən yaxşı yol qarşılıqlı əlaqələrdir”.

Prezident İlham Əliyev bildirib ki, turizm potensialı əməkdaşlıq sahələrindən biridir: “İki həftədən az müddətdə başlayacaq “Formula-1” ölkəmizə böyük diqqət cəlb edəcək. Beş yüz milyon insan bu yarışı izləyəcək və bu, şəhər halqası olduğundan onlar təkcə stadion və avtomobilləri deyil, inkişaf etmiş Bakı şəhərini görəcəklər. Ümid edirəm ki, hətta yarışı izləyənlərin cəmi 1 faizi Bakıya gəlsə, bu, bizim turizm sənayesi üçün böyük əhəmiyyət kəsb edəcək. Turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var - əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qida və çoxlu tarixi abidələr. Turistləri cəlb etmək üçün yeganə ehtiyacımız olan şərt bunu dünyaya, Avropaya təqdim etməkdir. Düşünürəm ki, “Formula-1” bunu etmək üçün ən yaxşı yoldur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR