Polad Bülbüloğlu Belarus prezidentinin "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatına layiq görülüb

Polad Bülbüloğlu Belarus prezidentinin "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatına layiq görülüb
# 13 iyul 2015 20:25 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. "Slavyan bazarı Vitebskdə" XXIV Beynəlxalq İncəsənət Festivalının Ulduzlar Xiyabanında Azərbaycanın Rusiyadakı səfiri, tanınmış müğənni və bəstəkar Polad Bülbüloğlunun ulduzu parlayıb. Bu barədə APA-nın Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Vitebsk-2015" XXIV Beynəlxalq estrada mahnısı müsabiqəsinin münsiflər heyətinin sədri, Azərbaycanın xalq artisti Polad Bülbüloğlu Belarus Prezidentinin "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatına layiq görülüb.

"Slavyan bazarı" XXIV Beynəlxalq İncəsənət Festivalının bağlanış mərasimində iştirak edən Belarus prezidenti Aleksandr Lukaşenko şəxsən "İncəsənət vasitəsilə sülhə və qarşılıqlı anlaşmaya doğru" xüsusi mükafatını Polad Bülbüloğluna təqdim edib.

"Bu gün burada daha bir ulduz parladı. Bu ulduz dahi bəstəkar, ifaçı və sadəcə möhtəşəm insan Polad Bülbüloğluna məxsusdur", -deyə Aleksandr Lukaşenko çıxışında bildirib.

Polad Bülbüloğlu Belarus prezidentinə Vitebskdə keçirilən musiqi və incəsənət bayramına görə təşəkkürünü bildirib: "Sizə səmimi qəlbdən bu ali mükafata görə də təşəkkürümü bildirirəm. Bu mükafatı özümün şəxsi töhvəsi kimi deyil, Belarusla Azərbaycan arasında olan möhkəm dostluq əlaqələrinin inkişafına verdiyiniz diqqət kimi qiymətləndirirəm. Əminəm ki, bu hadisə Azərbaycan- Belarus dostluğunun, iki xalq arasında mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə və gələcək inkişafına xidmət edəcək".

O, səmimi qəbula və beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri olmaq şərəfinə layiq görüldüyünə görə mərasimdə iştirak edən Belarus mədəniyyət naziri Boris Svetlova da təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR