Bu həftə Azərbaycanın 4 rayonunda əmək yarmarkaları keçiriləcək

Bu həftə Azərbaycanın 4 rayonunda əmək yarmarkaları keçiriləcək
# 16 sentyabr 2015 07:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti respublikamızın bölgələrində işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarını davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, xidmət tərəfindən bu həftə daha 4 rayonda, o cümlədən sentyabrın 17-də Astara, Salyan və Ağcabədi rayonlarında, sentyabrın 18-də isə Lənkəran rayonunda əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı həmin rayonlar üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Həmçinin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı və əlavə təhsil kurslarına, eləcə də ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılacaq.

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 38 əmək yarmarkası keçirilib. Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 2 858 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 257 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 162 nəfər ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR