«Muğan Bank»ın aktivləri ötən il ərzində 20% artıb

«Muğan Bank»ın aktivləri ötən il ərzində 20% artıb
# 30 yanvar 2013 12:58 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 291,808 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,9% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,7% artaraq 202,897 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 47,479 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 50,8% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 33,6% artaraq 6,256 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 0,4 faiz bəndi artaraq 3,1%-ə çatıb.

Bankın depozit portfeli 2012-ci ildə 27,6% artaraq 161,167 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 85,320 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 26,0% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 42,4% artaraq 45,070 mln. manat, o cümlədən nizamnamə kapitalı 67,7% artaraq 37,306 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 16,0% artaraq 68 238, o cümlədən fiziki şəxslərin sayı 16,0% artaraq 63 097, hüquqi şəxslərin sayı 16,6% artaraq 5 141 olub. Bankın dövriyyədə olan plastik kartlarının ümumi sayı 2013-cü il yanvarın 1-nə 9 612-yə bərabər olub ki, bu da illik müqayisədə 6,9% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 9,6% artaraq 8 786-ya, kredit kartların sayı 15,1% azalaraq 826-ya çatıb.


Xatırladaq ki, «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 30 filialı, 621 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR