Elxan Süleymanov: "Sərsəng su anbarı ilə bağlı məruzənin müzakirəsi zamanı ciddi mübarizə gözlənilir"

Elxan Süleymanov: "Sərsəng su anbarı ilə bağlı məruzənin müzakirəsi zamanı ciddi mübarizə gözlənilir"
# 17 noyabr 2015 14:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "AŞPA-nın Sosial Məsələlər Komitəsində “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzənin müzakirəsi zamanı ciddi mübarizə gözlənilir".

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Sülymanov AŞPA-nın Sosial Məsələlər Komitəsinin 23 noyabrda keçiriləcək iclasında məruzəçi Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı məruzənin planlaşdırılan müzakirəsi ilə bağlı deyib. O bildirib ki, M. Markoviç məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər edib, rəsmi dövlət orqanları ilə, “SOS Sərsəng” layihəsi həyata keçirən QHT nümayəndələri ilə görüşlər keçirib. Məruzəçi Sərsəng su anbarının işğal altında qalması nəticəsində zərər çəkmiş cəbhəyanı rayonlara da gedib, yerli əhali ilə söhbət edib, yerlərdə real vəziyyətlə tanış olub.

E. Süleymanov qeyd edib ki, AŞPA katibliyinin məruzəçinin Sərsəng su anbarının yerləşdiyi işğal altında olan ərazilərə səfər etməsinə və vəziyyəti yerindəcə qiymətləndirməsinə şərait yaradılması xahişi ilə Ermənistan tərəfinə müraciət etməsinə baxmayaraq, bunun üçün şərait yaradılmayıb: “Ermənistan tərəfi bu addımı atmaqla faktiki olaraq AŞPA məruzəçisi ilə əməkdaşlıqdan və özünün beynəlxalq öhdəliyini yerinə yetirməkdən imtina edib. Ermənistan tərəfinin bu destruktiv mövqeyinə baxmayaraq, Militsa Markoviç qeyd edilən məruzəni hazırlayaraq katibliyə təqdim edib və həmin sənədin müzakirəsi Sosial Məsələlər Komitəsinin 23 noyabr tarixli iclasının gündəliyinə daxil edilib”.

E. Süleymanovun sözlərinə görə, Ermənistan tərəfi AŞPA Siyasi Məsələlər Komitəsinin 4 noyabr tarixli iclasında britaniyalı Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzə qəbul edildikdən sonra ciddi təlaş keçirir və hətta ölkə parlamentində məsələ ilə bağlı müzakirələr aparılıb: “Beləliklə, aydındır ki, Ermənistan tərəfi Sosial Məsələlər Komitəsinin iclasında da “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzənin qəbul edilməsinin qaşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək. Buna misal olaraq 2015-ci ilin iyun sessiyası zamanı Monitorinq Komitəsində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskinin “Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzəsinin 1-ci bəndində yazılmış “Assambleya Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal edilməsi barədə məlumatlıdır” ifadəsinin ləğv edilməsi məqsədilə Ermənistan nümayəndə heyətinin və onların havadarları olan anti-Azərbaycan qüvvələrin Avropada səs-küy salan riyakarlıqlarını və dünya ictimaiyyətini çaşdırmaq üçün eyni məzmunlu 7 düzəliş irəli sürmələrini xatırlatmaq zəruridir. Biz həmçinin yaddan çıxarmamalıyıq ki, Siyasi Məsələlər Komitəsinin iclasında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalına dair məruzənin ümumiyyətlə, gündəlikdən çıxarılmasına və bir daha bu məsələyə qayıdılmamasına dair təxribat xarakterli təklif irəli sürülmüşdü və bu təklif səsvermə nəticəsində qəbul edilməmişdi. Analoji təklifin Sosial Məsələlər Komitəsinin iclasında da irəli sürülməsi gözlənilir. Bundan əlavə, Azərbaycana qarşı qatı düşmən mövqeyi nümayiş etdirən baş katib Savitskinin rəhbərliyi altında fəaliyyət göstərən katibliyin də təxribat xarakterli “sürprizlər” etməsi real görünür. Ermənistan nümayəndə heyəti ilə bir mövqedən çıxış edən digər anti-Azərbaycan qüvvələrin birləşərək, öz məruzəsini geri götürməsi üçün bosniyalı məruzəçi Militsa Markoviçə təsir göstərmələri də istisna edilmir. Qeyd etmək lazımdır ki, həmin qüvvələrin Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərə dair məruzəçi Robert Volterə təzyiqləri nəticəsiz qaldı. Zənnimcə, bu məsələdə cənab Volterin Avropanın böyük təcrübəyə malik tanınmış siyasətçi olması və dünyanın aparıcı dövlətlərindən biri olan Böyük Britaniyanın deputatı olması vacib rol oynadı. Lakin nəzərə almalıyıq ki, xanım Markoviç XX əsrin sonunda dövlət müstəqilliyi əldə etmiş kiçik dövlət olan Bosniyadandır. Ümid edirəm ki, qeyd edilənlərə baxmayaraq, xanım Markoviç müzakirələr zamanı obyektivlik və prinsipiallıq nümayiş etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR