Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycana rəsmi səfərə gəlib

Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycana rəsmi səfərə gəlib
# 15 noyabr 2012 09:01 (UTC +04:00)

APA-nın Çeçenistan hökumətinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, onu səfərdə geniş tərkibli nümayəndə heyəti müşayiət edir. Ramzan Kadırovu Heydər Əliyev hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, Rusiya səfiri Vladimir Doroxin və media nümayəndələri qarşılayıblar. Jurnalistlərin suallarını cavablandıran Ramzan Kadırov bildirib ki, Rusiyanın subyekti olan Çeçenistanla Azərbaycan arasında münasibətlər həmişə dostluq xarakteri daşıyıb.

“Biz bu münasibətlərin gələcəkdə də inkişafında maraqlıyıq. Bizim üçün Azərbaycanın tikinti, təhsil, mədəniyyət və digər sahələrdə təcrübəsi çox maraq doğurur. Biz bu sahələrdə əməkdaşlıqla bağlı sazişlər imzalamaq niyyətindəyik. Çeçenistanda Azərbaycan sərmayədarlarını maraqlandıra biləcək çoxlu sayda layihələr var. Bu, həm də Rusiyanın maraqlarına cavab verir”.

Qeyd edək ki, səfər zamanı Çeçenistan Respublikası ilə Azərbaycan arasında hökumətlərarası sazişin imzalanması gözlənilir. Ramzan Kadırov Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşəcək. Kadırovun səfər proqramına Heydər Əliyevin məzarını ziyarət, Dövlət Bayrağı meydanı və Heydər Əliyev Fondu ilə tanışlıq daxildir. Səfər Azərbaycan Tarixi Muzeyi və İçərişəhərə tanışlıq ziyarəti ilə başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR