Misirdəki qeyri-sabit vəziyyətlə əlaqədar Bakı – Şarm-əl-Şeyx aviareysi ləğv olunub

Misirdəki qeyri-sabit vəziyyətlə əlaqədar Bakı – Şarm-əl-Şeyx aviareysi ləğv olunub
# 27 dekabr 2012 13:32 (UTC +04:00)

Azərbaycanın aparıcı turizm şirkətlərinin birindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilki kimi bu il də Azərbaycandan bir nəfər belə qış istirahəti üçün bu istiqaməti seçməyib: «Bildiyiniz kimi, ötən ilin qış tətilləri zamanı Misirdə qeyri-stabil siyasi vəziyyət sürürdü. Lakin sonradan gərginlik bir qədər səngimişdir. Bir neçə müddət bundan öncə isə ölkədə yenidən qeyri-stabil siyasi vəziyyət hökm sürməyə başlayıb və məhz bu səbəbdən Misir istiqaməti qış tətilləri üçün Azərbaycan turistlərinin marağında olmayıb».

Turizm şirkətindən həmçinin bildirilib ki, dekabrın 29-da «Azərbaycan Hava Yolları» QSC (AZAL) Misirin Şarm-əl-Şeyx kurort şəhərinə çarter aviareysi təşkil etməyi planlaşdırırdı. Lakin bu istiqamətə tələb olmadığından AZAL Bakı-Şarm-əl-Şeyx-Bakı aviareysini təxirə salmalı olub.

«Şarm-əl-Şeyxdə bir həftəlik istirahət üçün birnəfərlik tur-paketin orta qiyməti 800-900 manat təşkil edir. Göründüyü kimi tur-paketin qiyməti bahalı deyil və Şarm-əl-Şeyx istiqamətinə tələbatın olmaması məhz Misirdə hökm sürən qeyri-stabil siyasi vəziyyətlə bağlıdır», - deyə turizm şirkətindən bildirilib.

Qeyd edək ki, Azərbaycan turistləri qış tətillərini Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan kimi ölkələrdə, həmçinin Avropanın bir neçə şəhərlərində keçirməyə üstünlük verib. Azərbaycan əhalisinin əksəriyyəti Yeni il bayramını evdə qeyd etməyə üstünlük versə də, əhalinin bir qismi bayramı və tətili ölkənin regionlarında keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR