Bank Of Baku

Müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq çəkisini və təsir imkanlarını artırır - RƏY

Müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq çəkisini və təsir imkanlarını artırır  - RƏY
# 04 oktyabr 2026 14:54 (UTC +04:00)

Azərbaycanın son illərdə yürütdüyü müstəqil və milli maraqlara əsaslanan xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində mühüm üstünlüklər qazandırıb. Müstəqil xarici siyasət yürütmək yalnız hər hansı təsir mərkəzindən asılı olmamaq deyil, eyni zamanda dövlətin öz maraqlarına uyğun qərarlar qəbul etməsi, müxtəlif geosiyasi qütblərlə balanslı münasibətlər qurması və beynəlxalq proseslərdə fəal iştirak etməsi deməkdir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII qurultayında xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın bu istiqamətdəki siyasətinin əsas prinsiplərini bir daha aydın şəkildə ortaya qoyub.

“Azərbaycan heç bir geosiyasi düşərgəyə qoşulmur”

Rizvan Nəbiyev deyib ki, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşıması və ölkənin heç bir geosiyasi düşərgənin tərkib hissəsinə çevrilməməsidir: “Azərbaycan öz xarici siyasətini milli maraqları əsasında müəyyənləşdirir. Ölkəmiz heç bir güc mərkəzinin və ya geosiyasi blokun siyasətini avtomatik şəkildə təkrarlamır. Eyni zamanda, Azərbaycan müxtəlif qütblərlə münasibətlərini bir-birinə qarşı qoymadan inkişaf etdirir. Bu yanaşma ölkəmizə həm beynəlxalq münasibətlər sistemində strateji manevr imkanları yaradır, həm də milli maraqlarımızın daha effektiv müdafiəsinə şərait formalaşdırır. Müstəqil xarici siyasətin mühüm nəticələrindən biri də belə siyasət yürüdən ölkə ilə beynəlxalq münasibətlərdə hesablaşılması, onun mövqeyinə diqqət yetirilməsi və proseslərə təsir imkanlarının qəbul edilməsidir. Azərbaycanın Çin və ABŞ kimi dünyanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq münasibətləri qurması bunun əyani nümunəsidir. Eyni zamanda, Azərbaycanın Rusiya, Ukrayna, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə əlaqələri də öz məzmununa və xarakterinə görə fərqlənir. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinin olması, Almaniya ilə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəlik razılaşdırması, Çinlə hərtərəfli strateji tərəfdaşlıq, ABŞ-la strateji tərəfdaşlıq xartiyası çərçivəsində əlaqələrin genişləndirilməsi göstərir ki, ölkəmiz müxtəlif istiqamətlər üzrə xarici siyasətini uğurla şaxələndirib. Burada əsas məsələ ayrı-ayrı tərəfdaşlıqların bir-birinə alternativ kimi təqdim edilməməsidir. Azərbaycan hər bir istiqamətdə öz milli maraqlarından çıxış edir”.

Azərbaycan etimad qazanmış dialoq platformasına çevrilib

Deputat qeyd edib ki, müstəqil xarici siyasətin Azərbaycanın qazandırdığı digər mühüm üstünlük ölkəmizin ziddiyyət və qarşıdurma içində olan tərəflər arasında təmasların qurulduğu platformaya çevrilməsidir: “Bu cür funksiyanı yerinə yetirmək üçün yalnız coğrafi mövqe kifayət etmir. Bunun üçün dövlətin beynəlxalq tərəfdaşları arasında yüksək etimad və etibara malik olması vacibdir. Azərbaycan müxtəlif mövqelərdə dayanan, hətta bir-biri ilə ziddiyyət və qarşıdurma yaşayan tərəflərin təmas qura bildiyi məkana çevrilib. Bu, təsadüfi deyil. Azərbaycanın bütün tərəflərlə münasibətlərində ardıcıl və praqmatik mövqe nümayiş etdirməsi ölkəmizə qarşı etimadı artırıb. Tərəflər bilir ki, Azərbaycan öz milli maraqlarından çıxış edir, praqmatik və balanslaşdırılmış siyasət yürüdür, kiminsə digərinə qarşı istifadə etdiyi platformaya çevrilmək niyyətində deyil. Bu isə ölkəmizin dialoq qurmaq və uzlaşdırıcı imkanlarını genişləndirir. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın bundan sonra daha fəal xarici siyasət yürütməsinin vacibliyini vurğulaması da məhz bu kontekstdə qiymətləndirilməlidir. Azərbaycan artıq yalnız mövcud proseslərə reaksiya verən ölkə kimi çıxış etmir. Ölkəmiz təşəbbüslər irəli sürür, yeni əməkdaşlıq formatlarının formalaşmasında iştirak edir və müxtəlif platformalarda gündəliyin müəyyənləşməsinə töhfə verir. Bu, xarici siyasətdə yeni mərhələnin xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikası Prezident İlham Əliyevin strateji baxışlarına uyğun prinsipial və davamlı xarici siyasət kursunu məharətlə davam etdirir.”

Azərbaycanın beynəlxalq platformalarda çəkisi dinamik şəkildə artır

Rizvan Nəbiyev nəzərə çatdırıb ki, Azərbaycanın müstəqil xarici siyasətinin digər göstəricisi ölkənin müxtəlif beynəlxalq və regional təşkilatlarda yalnız iştirakçı deyil, fəal təşəbbüskar kimi çıxış etməsidir: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə nümayiş etdirdiyi fəallıq ölkənin bu platformadakı rolunun və çəkisinin göstəricilərindən biri olub. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu təşkilatın gündəliyinin daha da zənginləşdirilməsi və beynəlxalq proseslərdə rolunun artırılması istiqamətində mühüm təşəbbüslər irəli sürdü. Bu təcrübə göstərdi ki, Azərbaycan daxil olduğu formatlarda sadəcə iştirakçı olmaqla kifayətlənmir, həmin platformaların imkanlarından öz maraqları ilə yanaşı daha geniş beynəlxalq əməkdaşlıq məqsədləri üçün istifadə edir. Azərbaycan müvafiq təşkilatların institusional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərində iştirakı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallığı və D-8-ə üzvlüyü də ölkənin xarici siyasət coğrafiyasının genişləndiyini göstərir.

Mərkəzi Asiya ilə münasibətlər Azərbaycanın regional rolunun yeni mərhələyə keçdiyini göstərən ən mühüm nümunələrdən biridir. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri artıq yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır. 2025-ci ilin noyabrında Daşkənd şəhərində Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qəbul edilib. Bunun nəticəsində əvvəllər “C5” kimi tanınan format faktiki olaraq Azərbaycanla birlikdə “C6” məzmunu qazanıb. Bu hadisənin əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiyada yerləşməməsinə baxmayaraq, regionun siyasi, iqtisadi, enerji və nəqliyyat əlaqələrində mühüm tərəfdaş kimi qəbul edilməsindədir. Prezident İlham Əliyev 2026-cı il avqustun 23-də Özbəkistana rəsmi səfəri zamanı Azərbaycan və Mərkəzi Asiyanı “böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region” kimi xarakterizə edib.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallıq da Azərbaycanın xarici siyasətində ayrıca istiqamətdir. Prezident qurultayda gələn il Azərbaycanda İƏT Zirvə Görüşünün keçirilməsinin nəzərdə tutulduğunu bildirərək, ölkənin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birləşdirici rol oynamaq niyyətini vurğulayıb. Azərbaycanın dünyəvi dövlət modeli ilə yanaşı, İslam dünyası ilə tarixi, mədəni və siyasi əlaqələri bu istiqamətdə ona fərqli diplomatik imkanlar verir. 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinə ev sahibliyi edəcək və təşkilata sədrlik edəcək. Bu, Azərbaycanın İslam dünyasında çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrin və təşkilat daxilində fəal rolunun göstəricilərindən biridir.

Suverenliyimizin tam bərpasından sonra D-8, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətlər və 2025-ci ildə Xankəndində keçirilən Zirvə görüşündə bütün üzv dövlətləri bir araya gətirməsi də Azərbaycanın diplomatik imkanlarını genişləndirən mühüm hadisələrdən biridir. Belə ki, 19 dekabr 2024-cü ildə Qahirədə keçirilən D-8-in XI Zirvə görüşündə Azərbaycan yekdilliklə təşkilata üzv seçildi. Bu, D-8-in rəsmi olaraq 15 iyun 1997-ci ildə İstanbulda yaradılmasından sonra ilk genişlənmə idi. Azərbaycan təşkilatın yarandığı dövrdən sonra ona qəbul edilən ilk yeni üzv olub. D-8 çərçivəsində enerji, ticarət, nəqliyyat, iqlim, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Azərbaycanın coğrafi mövqeyi isə bu təşkilatın Xəzər və Cənubi Qafqaz istiqamətində əlaqələrinin genişlənməsi üçün əlavə imkan yaradır”.

Azərbaycan öz maraqları ilə yanaşı, əməkdaşlıq imkanlarını da genişləndirir

Deputat vurğulayıb ki, bütün bu proseslər Azərbaycanın xarici siyasətinin yalnız ayrı-ayrı dövlətlərlə münasibətlər sistemindən ibarət olmadığını göstərir: “Azərbaycan öz maraqlarına uyğun olan müxtəlif formatlara qoşulur, zəruri hallarda yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasına təşəbbüs göstərir və mövcud platformaların daha da canlandırılmasına töhfə verir. Burada məqsəd yalnız Azərbaycanın beynəlxalq çəkisini artırmaq deyil. Eyni zamanda, ölkəmizin yerləşdiyi regionda və daha geniş coğrafiyada sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda prinsiplərinin möhkəmləndirilməsinə şərait yaratmaq və töhfə verməkdir. Azərbaycanın qarşıdakı dövrdə xarici siyasətdə daha fəal olması ölkənin artan iqtisadi, siyasi və hərbi imkanları ilə də uzlaşır. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş mövqeləri qorumaqla yanaşı, onları yeni təşəbbüslərlə daha da gücləndirməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç bir düşərgəyə qoşulmadan bütün qütblərlə əməkdaşlıq edə və milli maraqlarını müdafiə edə bilir. Azərbaycanın coğrafi, iqtisadi və diplomatik üstünlüklərini regional əməkdaşlığın genişləndirilməsinə yönəltməkdir. Məhz bu müstəqil xətt Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyini qorumasına və gələcəkdə də proseslərə təsir imkanlarını artırmasına imkan verəcək. Tərəfdaşlıq asılılığa, əməkdaşlıq isə himayədarlığa çevrilməyəcək, Azərbaycan öz xarici siyasət prioritetlərini müstəqil müəyyən etməkdə və ardıcıl həyata keçirməkdə prinsipiallığı davam etdirəcəkdir.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR