Qəbələdə “Tarla günləri” çərçivəsində məhsul bayramı keçirilib - FOTOSESSİYA

Qəbələdə “Tarla günləri” çərçivəsində məhsul bayramı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 28 avqust 2015 12:31 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən bu mərasimdə 300-ə yaxın yerli və xarici şirkətin, fermer təsərrüfatının 2000-dən çox nümayəndəsi iştirak edib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri, təşkilat komitəsinin sədri Əbülfəz Məlikov, Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxış edib. Natiqlər ölkəmizdə ilk dəfə olaraq “Kənd təsərrüfatı ili” çərçivəsində may-avqust aylarında Qəbələdə keçirilən “Tarla günləri”nin əhəmiyyətindən danışıblar. Bildirilib ki, “Gilan Holdinqin” təşkil etdiyi bu məhsul bayramında əsas məqsəd aqrar sektordakı son yenilikləri və imkanları təqdim etməklə yanaşı, istehlakçıları və ixracatçıları bir araya gətirməkdən ibarətdir. Burada əsas üstünlük aqrar sektor üzrə texnologiyaya və sənayedəki yeniliklərə verilib.

“Tarla günləri” kiçik və orta sahibkarlığın, xüsusilə fermer və ailə təsərrüfatlarının inkişafını təşviq edir, biznes subyektləri üçün kənd təsərrüfatı barədə daha dəqiq və daha asan məlumat əldə etmək imkanı yaradır və istehlakçılara aqrar sektorun potensialı haqqında dolğun informasiya çatdıra bilir.

Əbülfəz Məlikov qeyd edib ki, 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması ilə bağlı Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli Sərəncamı Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi, bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Qısa zamanda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilməsi üçün müxtəlif layihələr hazırlanıb. Əbülfəz Məlikov qeyd edib ki, “Tarla günləri” çərçivəsində kənd təsərrüfatı ilə məşğul olan insanlara, aqrar sahədə çalışan elm adamlarına, məhsul istehsalı və satışı ilə məşğul olan şəxslərə üzbəüz görüşmək imkanı yaradılıb, önəmli məsələlərin müzakirəsi və fikir mübadiləsinin aparılması, məhsul və xidmətlərin müqayisəli təqdimatı, təşviqat və marketinq imkanları, sərbəst mühit əldə etmək şəraiti yaradılıb.

Çıxışlarda məlumat verilib ki, “Tarla günləri” layihəsi aqrar sahənin inkişafına xidmət edir. Kənd təsərrüfatı ilə məşğul olan hər bir fermer “Tarla günləri” layihəsi çərçivəsində Qəbələ rayonunda ayrılan 28 hektar torpaq sahəsində may-avqust ayları ərzində əkin, becərmə və biçin işlərini həyata keçiriblər, məhsullarını nümayiş etdirə biliblər. Həmin ərazidə fermerlər bostan, tərəvəz və paxlalı bitkiləri əkib-becəriblər. Bununla yanaşı, aqrotexnika ilə məşğul olan 4 şirkət öz texnika və avadanlıqlarını, gübrə satışı ilə bağlı 6 şirkət, yemçilik üzrə 2 şirkət, bitki və toxumçuluq üzrə 11 şirkət, eləcə də Azərbaycanın ən tanınmış şirkəti olan “Gilan Holdinq” müxtəlif çeşiddə istehsal etdiyi məhsullarını nümayiş etdirib.

Çıxışlardan sonra tədbir iştirakçıları kənd təsərrüfatı məhsullarının, bitki dərmanlarının, kənd təsərrüfatı texnikalarının, gübrələrin, qida məhsullarının, şirə və içkilərin, laborator avadanlıqların, heyvandarlıq və bitkiçilik məhsullarının sərgisi ilə tanış olublar. Sərgidə 50-yə yaxın firma və şirkət öz məhsulunu nümayiş etdirib. Mərasimdə “Tarla günləri” layihəsi çərçivəsində ən uğurlu nailiyyətlərinə görə 4 şirkətin rəhbərinə “Qızıl zəhmətkeş” diplomu təqdim olunub.

Qeyd edək ki, tədbirdə hökumət təşkilatlarının, xarici ölkə səfirliklərinin nümayəndələri, ictimai birliklərin, təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının nümayəndələri və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlar iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR