Səfirlik “Eurovision-2012” ərəfəsində Azərbaycanda terror planlaşdırmaqda ittiham edilən şəxslərin İrana bağlılığı barədə iddialara münasibət bildirib

Səfirlik “Eurovision-2012” ərəfəsində Azərbaycanda terror planlaşdırmaqda ittiham edilən şəxslərin İrana bağlılığı barədə iddialara münasibət bildirib
# 17 noyabr 2012 13:30 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyyid Seyyid Məhəmməd Ayətullahi Bakıda keçirilən “Eurovision-2012” musiqi yarışması ərəfəsində terror və təxribatda ittiham edilən şəxslərin İranla əlaqələri olduğuna dair iddialara münasibət bildirib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, o, belə xəbərlərin əsassız olduğunu vurğulayaraq, İranın siyasətinin qonşu dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi üzərində qurulduğunu deyib.

İranın Azərbaycanla münasibətlərə çox önəm verdiyini xatırladan Ayətullahi ölkəsinin Bakı ilə əlaqələrinin daim yaxşı qonşuluq, konstruktiv əməkdaşlıq və bu dövlətin daxili işlərinə qarışmamaq prinsipi ilə uyğunluq təşkil etdiyini bildirib: “İran İslam Respublikasının beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi, eləcə də siyasi-iqtisadi münasibətlərin inkişafı və son vaxtlar başlanmış KİV sahəsində əməkdaşlıq da bunun göstəricisidir”.

Qeyd edək ki, hazırda “Eurovision-2012” müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisələri planlaşdırmaqda şübhəli bilinən dəstənin üzvlərinin məhkəməsi keçirilir. Bakı Ağır Cinayətlər Məhkəməsində müsabiqə ərəfəsində Bakıda və regionlarda terror aktları planlaşdırmaqda şübhəli bilinən dəstənin üzvləri - Kamal Yaqubov, Rəşad Şahbazov, Rəcəb Abbasov və Afiq Allahverdiyevin cinayət işi araşdırılır.

Təqsirləndirilən şəxslər məhkəmədə ifadə verərək özlərini qismən təqsirli bildiklərini deyiblər. Onların İrana bağlılığı iddia olunur.

Proses noyabrın 19-da davam etdiriləcək.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirib, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvlərinin cinayət işləri mahiyyəti üzrə ayrı-ayrılıqda araşdırılır.

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR