Türkiyə səfirliyinin mədəniyyət müşaviri Mətbuat Şurasında olub

Türkiyə səfirliyinin mədəniyyət müşaviri Mətbuat Şurasında olub
# 17 noyabr 2015 12:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta Mətbuat Şurasında (MŞ) olub.

Şuradan APA-ya verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşov Şuranın Türkiyənin Azərbaycandakı səfirliyi ilə sıx əlaqələrinin mövcud olduğunu bildirib.

Ə. Amaşov münasibətlərin səmərəli əməkdaşlığa çevrildiyindən məmnunluğunu ifadə edib: “Düşünürəm ki, münasibətlərimiz kifayət qədər məhsuldar məcraya qədəm qoyub. Türkiyə səfirliyinin mətbuat müşavirliyi ilə Mətbuat Şurasının əlaqələri sistematik xarakter daşımaqdadır. Bu baxımdan əlbəttə ki, mədəniyyət müşavirliyinin də özünəməxsus rolu var. Müşavirliyin xətti ilə dəfələrlə Azərbaycan jurnalistlərinin Türkiyəyə, eləcə də türkiyəli media nümayəndələrinin ölkəmizə səfərləri təşkil olunub. Hesab edirəm ki, Murat bəyin təyinatı indiyədək görülmüş işləri təkcə davamlı etməyəcək, bir qədər də dərinləşdirəcək”.

M. Karaçanta isə dost və qardaş Azərbaycanda məsul vəzifəyə təyinatından məmnunluq hissi keçirdiyini bildirib.

Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz də iştirak edib.

Qeyd edək ki, M. Karaçanta 1959-cu ildə Türkiyənin Qars şəhərində anadan olub. Əslən azərbaycanlı olan M. Karaçanta uzun müddət İzmirdə mədəniyyət və turizm sektorunda rəhbər vəzifələr tutub. Azərbaycan onun diplomatik fəaliyyətə başladığı ilk ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR