AİB Naxçıvanın supaylayıcı və kanalizasiya şəbəkəsinin yenilənməsini maliyyələşdirir

AİB Naxçıvanın supaylayıcı və kanalizasiya şəbəkəsinin yenilənməsini maliyyələşdirir
# 26 may 2015 08:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Naxçıvan şəhərində şəhərətrafı ərazilərdə supaylayıcı və kanalizasiya şəbəkəsinin tikintisi ilə bağlı tender elan edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Hökuməti “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı-Layihə 3”ün icrası üçün xərclərin ödənilməsi məqsədilə Asiya İnkişaf Bankından (AİB) kredit alıb. Qurumdan bildiriblər ki, bu kreditin bir hissəsi Naxçıvan şəhərində şəhərətrafı ərazilərdə supaylayıcı və kanalizasiya şəbəkəsinin tikintisini nəzərdə tutan müqavilə üzrə ödənişlər üçün istifadə olunacaq.

Tenderin şərtlərinə əsasən, su təchizatı sistemi üzrə müvafiq siyirtmələr, yanğın hidrantları, fittinqlər və sair ilə birlikdə 64822 metr uzunluqda supaylayıcı şəbəkə inşa olunmalı, 2166 ədəd su sayğacının təmin edilməsi və quraşdırılmalıdır. Kanalizasiya sistemi üzrə isə 51678 metr məsafədə çirkab su (kanalizasiya) şəbəkəsinin tikilməli, 1086 ədəd çirkab su (kanalizasiya) quyuları quraşdırılmalı, 2166 ədəd birləşmə yaradılmalı, 30 l/san sərfiyyata malik bir ədəd nasos stansiyası inşa olunmalıdır. Bu işlər il yarım ərzində başa çatdırılmalıdır.

Tenderdə yalnız aşağıdakı əsas keyfiyyətlərə malik məqbul ölkələr iştirak edə bilərlər:

• son 5 ildə oxşar işləri əhatə edən, dəyəri ən az 20 mln. ABŞ dolları miqdarında olan ən az bir (1) müqavilənin uğurla yerinə yetirilməsi və tamamlanmasında təcrübəsi olan;

• minimum illik tikinti dövriyyəsi son 3 il ərzində tamamlanmış və ya davam etməkdə olan müqavilələr üzrə təsdiq edilmiş və alınmış ən az 43 mln. 450 min ABŞ dolları təşkil edən;

• 5 mln. 450 min ABŞ dolları dəyərində, başqa müqavilələrin icrası üçün nəzərdə tutulmamış likvid aktivlərə, girov qoyulmamış real aktivlərə, kredit almaq imkanlarına və digər bu kimi maliyyə resurslarına və ya bu resurslardan istifadə etmək hüquqlarına malik olan;

• tender iddiaçısına qarşı qaldırılmış məhkəmə iddialarının ümumi məbləği şirkətin tam maliyyə vəsaitinin 50%-dən çox olmamalıdır.

Qeyd edək ki, tender təklifləri iyunun 25-dək təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR