Fələstinin və İsrailin Azərbaycandakı səfirləri Qüdsdə sinaqoqa terror hücumu ilə bağlı fikirlərini bölüşüblər

Fələstinin və İsrailin Azərbaycandakı səfirləri Qüdsdə sinaqoqa terror hücumu ilə bağlı fikirlərini bölüşüblər
# 18 noyabr 2014 16:00 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. "İstər fələstinlilər, istər də yəhudilər olsun, dinc əhaliyə qarşı istənilən zorakılığı pisləyirik".

Bunu APA-ya açıqlamasında Fələstinin ölkəmizdəki səfiri, Nasir Abdul Kərim Qüdsdə baş verən hadisələri şərh edərkən deyib.


Bu hadisələr Yaxın Şərqdəki vəziyyəti dəyişməcəyini deyən diplomat qeyd edib ki, İsrail tərəfindən Fələstin torpaqlarının işğalına son qoyulmayanədək bu cür hadisələr təkrar oluna bilər.

“Bu problemin həlli işğala sülh yolu ilə son qoymaqdır. Bu münaqişə 1967-ci ilədək olan sərhədlər çərçivəsində həll olunmalıdır. Bundan sonra İsrail və Fələstin dövlətləri sülh şəraitində bir yerdə yaşaya biləcəklər. Daha ekstremistlərə yer olmayacaq. Bir daha təkrar edirəm ki, biz dinc əhaliyə qarşı istənilən zorakılığın əleyhinəyik. Bu bəyanatla bu gün Fələstin prezidenti Mahmud Abbas da çıxış edib”, - deyə N. Abdulkərim vurğulayıb.

Xatırladaq ki, bu gün Qüdsdə yəhudi sinaqoquna hücum nəticəsində 4 nəfər ölüb. Hadisəni törədən iki fələstinli İsrail polisi tərəfindən öldürülüb.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz isə APA-ya açıqlamasında son hadisələrə görə Fələstin Muxtariyyətinin sədri Mahmud Abbasın məsuliyyət daşıdığını bildirib.

Diplomat sinaqoqda baş verənləri faciə kimi dəyərləndirib.

“Bu, sinaqoqda günahsız insanların ibadət etdikləri zaman baş vermiş dəhşətli bir hücumdur. Bütün məsuliyyət daim yəhudilərə qarşı bəyanatlarla çıxış edən Mahmud Abbasın üzərinə düşür. O sistematik şəkildə yəhudilərə qarşı təxribat aparır”, - deyə o vurğulayıb.

Son həftələrdə oxşar hadisələrin bir neçə dəfə təkrarlandığını deyən səfir İsrailin öz vətəndaşlarını bundan sonra da müdafiə edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR