Ramil Usubov Türkiyə Jandarm Qüvvələrinin baş komandanını qəbul edib

Ramil Usubov Türkiyə Jandarm Qüvvələrinin baş komandanını qəbul edib
# 12 noyabr 2014 10:11 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Abdullah Atayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, R. Usubov dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkib, Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun «Bir millət, iki dövlət» siyəsətinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xatırladıb.

Dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayan daxili işlər naziri rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirib. O, ölkəmizdə ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana ilk dəfə səfər etdiyini nəzərə çatdıran ordu generalı Abdullah Atay isə ölkəmizin dinamik inkişafının, günü-gündən gözəlləşməsinin onun təsəvvür etdiyindən də artıq olmasından məmnunluğunu bildirib. Jandarm Qüvvələrinin Baş Komandanı iki ölkənin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, Atatürkün «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» kəlamını xatırladaraq Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın mənafelərinə xidmət edəcəyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR