Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər qüvvəyə minib

Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər qüvvəyə minib
# 01 sentyabr 2014 09:49 (UTC +04:00)

Bu barədə APA – ya Aİ-nin Bakıdakı nümayəndəliyindən bildirilib.

Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi üzrə saziş ötən il noyabrın 29-da Vilnüs sammitində, readmissiya sazişi isə bu il fevralın 28-də Brüsseldə imzalanıb.

Sazişlərlə bağlı bütün daxili prosedurlar artıq yekunlaşıb. İmzalanan sazişlərdə Böyük Britaniya, İrlandiya və Danimarka kimi ölkələrin adları yoxdur.


Yeni qaydaların tətbiqi ilə əlaqədar vizalar 10 gün ərzində, təcili hallarda isə 2 gün və daha az müddətdə veriləcək. Azərbaycan vətəndaşları üçün viza rüsumu 35 avro olacaq, lazımi sənədlərin sayı isə əhalinin bəzi kateqoriyaları, o cümlədən yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, iş adamları, alimlər və jurnalistlər üçün azaldılacaq.

Qeyd edək ki, readmissiya haqqında saziş Aİ ölkələrində qanunsuz yaşayan və deportasiya ediləcək Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasını nəzərdə tutur.

Bundan başqa, Azərbaycan tərəfindən verilən yaşayış icazəsi və ya vizaya malik olan, eləcə də Azərbaycan ərazisi vasitəsilə Aİ ölkələrinin ərazisinə daxil olan üçüncü ölkələrin vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin readmissiyası haqqında öhdəlik də rəsmi Bakının üzərinə qoyulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR