“Akkord” Korporasiyasının müasir asfalt zavodu istismara verilib - FOTO

“Akkord” Korporasiyasının müasir asfalt zavodu istismara verilib - <span style="color: red;">FOTO
# 29 avqust 2014 17:02 (UTC +04:00)

Bakı-APA. Bu gün “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Balaxanı qəsəbəsində inşa etdiyi müasir və yüksək istehsal həcminə malik yeni asfalt zavodu təntənəli açılış mərasimi ilə istismara verilib.

ASC-dən APA-ya verilən məlumata görə, zavodun açılış mərasimində Korporasiya rəhbərliyi və asfalt zavodunun kollektivi ilə birlikdə Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev, bir sıra iri şirkət və qurumların rəhbər və nümayəndələri də iştirak ediblər.

Açılış mərasimində çıxış edən Korporasiyanın Baş direktoru Göksəl Aybek saatda 240 ton istehsal həcminə malik bu zavodun ən müasir standartlara uyğun qurulduğunu və həm yüksək keyfiyyətli məhsul istehsalı, həm də yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətini vurğulayıb. Baş direktor bildirib ki, ərazidə əvvəldən mövcud olan “Kreqmaş” asfalt zavodu ilə birlikdə yeni zavodun istehsal həcmi 360 ton/saat olacaq ki, bu da Abşeron yarımadasının yol infrastrukturunun yenidən qurulmasında mühüm əhəmiyyət daşıyacaq. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də çıxış edərək Korporasiyanın bu rayonla çox sıx tellərlə bağlı olduğunu, hətta Korporasiyanın ilk istehsal müəssisələrindən olan “Akkord Beton Zavodu”nun məhz bu rayonda fəaliyyətə başladığını bildirib. A.Vəliyev Korporasiyanın daimi olaraq rayonun sosial layihələrində də yaxından iştirak etdiyini xüsusi vurğulayıb, yeni zavodun açılışı münasibətilə təbriklərini çatdırıb.

Tədbirdə daha sonra Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, Korporasiyanın İstehsalat Departamentinin direktoru Kamil Hüseynov çıxış ediblər.

Daha sonra zavodun rəsmi açılışını bildirən düyməyə basılmış və sirena sədaları altında zavodun ilk asfalt məhsulu yük maşınlarına yüklənib. Maşınlar kameralaşmış avtotərəzidən keçdikdən sonra təntənəli şəkildə sifariş ünvanına yola salınıblar.

Tədbirin sonunda mərasim iştirakçıları xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, istifadəyə verilən zavod “Akkord”un 5-ci asfalt zavodudur. Ümumilikdə, Korporasiyanın 5 asfalt zavodunun illik istehsal gücü 1 635 840 ton təşkil edir.

Yaxın zamanlarda Korporasiya “Sənaye ili” ilə bağlı tədbirlər çərçivəsində fibrobeton, metal-konstruksiya məhsulları, həmçinin şüşə fasadların yüksək texnologiyalarla istehsalı müəssisələrinin inşasını həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR