Günter Ottinger TAP layihəsinə dair üçtərəfli sazişin imzalanmasını alqışlayıb

Günter Ottinger TAP layihəsinə dair üçtərəfli sazişin imzalanmasını alqışlayıb
# 13 fevral 2013 14:39 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik (TAP) qaz kəmərinin tikintisinə dair üçtərəfli sazişin imzalanmasını alqışlayıb.

APA-Economics”in xəbərinə görə, avrokomissar yaydığı açıqlamada bunu layihənin reallaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.

G.Ottinger qeyd edib ki, TAP layihəsi məqsədi AB-ni Xəzər regionunun zəngin qaz yataqları ilə birləşdirmək olan “Cənub qaz dəhlizi”nin ilk komponentlərindən biri ola bilər.

Qeyd edək ki, bu gün Afinada Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan TAP qaz kəmərinin tikintisinə dair hökumətlərarası sazişin imzalanma mərasimi keçirilib. Sazişi Yunanıstanın xarici işlər naziri Dimitris Avramapulos, Albaniya baş nazirinin müavini Edmont Xadjinasto və İtaliyanın iqtisadi inkişaf naziri Korrado Passera imzalayıblar.

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2017-ci ildə başlanacağı gözənilir və TAP kəmərinin tikintisinə 3 il lazım olacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.


Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 1,5 mlrd. avro təşkil edir.


Xatırladaq ki, artıq ITGI və «Nabucco» üzrə də Azərbaycan tərəfinə təkliflər təqdim olunub. Ümumiyyətlə, «Cənub dəhlizi»nə TAP, ITGI (Türkiyə-Yunanıstan-İtaliya), AGRI (Azerbaijan-Georgia-Romania) və «Nabucco» layihələri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR