NATO ekspert qrupunun iştirakı ilə Azərbaycanın İPAP və PAP sənədlərinin qiymətləndirmə görüşü başa çatıb

NATO ekspert qrupunun iştirakı ilə Azərbaycanın İPAP və PAP sənədlərinin qiymətləndirmə görüşü başa çatıb
# 16 aprel 2013 12:02 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. NATO ekspert qrupunun iştirakı ilə Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) və Planlaşdırma və Analiz Prosesi (PAP) sənədlərinin qiymətləndirmə görüşü başa çatıb. Bu barədə APA-ya Azərbaycanın NATO yanında nümayəndəliyindən məlumat verilib.

Görüşdə müdafiə sahəsində əməkdaşlıq, Azərbaycanın İPAP və PAP sənədləri çərçivəsində məqsədlərinin və öhdəliklərinin yerinə yetirilməsi və əməkdaşlığın gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb. Milli Məclis, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ombudsman Aparatı, Dövlət Gömrük Komitəsi, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi, Müdafiə Sənayesi Nazirliyi, Ədliyyə Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin, habelə Azərbaycan Diplomatik Akademiyası, NATO-Azərbaycan Beynəlxalq Məktəbi (NISA) və Gəncə Avro-Atlantika Məlumat Mərkəzinin nümayəndələri İPAP və PAP sənədləri üzrə qiymətləndirmə görüşünün müvafiq sessiyalarında iştirak ediblər. Öhdəliklərin icra vəziyyəti ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində NATO ekspertləri bir sıra tədbirlərdə iştirak edib, Müdafiə Nazirliyinin sülhməramlı taboruna baş çəkiblər. NATO-nun mülki fövqəladə planlaşdırma sahəsində eksperti Fövqəladə Hallar Nazirliyində ikitərəfli görüşlər keçirib və Beynəlxalq Böhranların İdarə Edilməsi Mərkəzi ilə tanış olub. NATO-nun Siyasi və təhlükəsizlik məsələləri, həmçinin İctimai diplomatiya üzrə ekspertləri Prezident Administrasiyasında ikitərəfli görüş keçirib. Diplomatik Akademiyada “NATO gündəliyində cari məsələlər” mövzusunda brifinq verilib və qonaqlar NISA-nın “Beynəlxalq təsisatlarla tanışlıq” adlı seminarında çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR